“The Times” nəşrinin məlumatına görə, “Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger FİFA prezidenti postu uğrunda Canni İnfantinoya rəqib ola bilər. Hazırda FİFA-nın qlobal futbol inkişafı üzrə rəhbəri olan Vengerin namizədliyini irəli sürməyə razı salınması müzakirə olunur.
Gələn il martın 18-də keçiriləcək seçkidə indiyədək yalnız qurumun hazırkı prezidenti İnfantino iştirak edəcəyini açıqlayıb. Onun rəqibləri noyabrın 18-də başa çatacaq namizədlik müddətinədək ciddi rəqibin ortaya çıxacağına ümid edirlər.
Seçkidə İordaniya şahzadəsi Əli bin əl-Hüseynin də yenidən iştirak etməsi istisna edilmir. O, 2016-cı ildə İnfantinonun rəqibi olub.
FİFA prezidentliyinə mümkün namizədlərdən sayılan KONKAKAF prezidenti Viktor Montalani isə seçkidə namizədliyini irəli sürməyi planlaşdırmır.