“Bavariya” və İngiltərə millisinin hücumçusu Harri Keyn “Tottenhem”də titul qazana bilmədiyi dövrü dəyərləndirib. O, 2011–2023-cü illərdə London klubunda keçirdiyi 12 mövsüm ərzində heç bir rəsmi kubok əldə etməyib.
Keyn bildirib ki, yaxşı oynadığı və fərdi göstəricilərinin yüksək olduğu vaxtlarda komandasının titul qazanmaması onun üçün çətin olub. Hücumçu meydana məhz kuboklar qazanmaq üçün çıxdığını vurğulayıb və bu qədər uzun müddət titul qazanmayan başqa futbolçunun olub-olmadığını bilmədiyini deyib.
İngiltərəli futbolçu “Bavariya” ilə ilk titulunu qazandıqdan sonra üzərindən yük götürüldüyünü söyləyib. Onun sözlərinə görə, bu, müsahibə və mətbuat konfranslarında tez-tez gündəmə gələn mövzunu aradan qaldırıb, daha rahat və sərbəst olmasına, əlavə təzyiqdən qurtulmasına kömək edib.
Keyn karyerasının hazırkı mərhələsini yaxşı qiymətləndirib və son bir neçə ildə xeyli titul qazandığını qeyd edib. O, karyerasını başa vurana qədər kuboklarının sayının 20-ni keçəcəyinə ümid etdiyini, bunun baş tutacağı halda ilk 10 il barədə əvvəlki qədər danışılmayacağını bildirib. Onun fikirlərini “Bayern & Germany” sosial şəbəkədə paylaşıb.