Britaniyalı Formula 1 pilotu Lyuis Hemilton Misirlə Qəzza zolağı arasındakı Rəfah sərhəd-keçid məntəqəsinə səfəri barədə “Instagram” hesabında paylaşım edib. O, səfərdən fotoşəkillər və təəssüratlarını bölüşüb.
Hemilton insanların azadlıq, təhlükəsizlik və ləyaqətdən məhrum edilməsini böyük ədalətsizlik adlandırıb. O, İsrailin Qəzzada son üç ildir davam etdirdiyi soyqırımın dəhşətli olduğunu bildirib və heç kimin həyatına daha az dəyər verilirmiş kimi davranılmamalı olduğunu vurğulayıb.
Pilotun sözlərinə görə, o, insanları içəridə saxlamaq üçün tikilmiş kilometrlərlə uzanan divarlar görüb. Rəfah keçidində Qəzzəyə daxil olmaq üçün gözləyən ərzaq yüklü yük maşınları da olub, lakin onun bildirdiyinə görə, bu maşınların girişinə çox vaxt icazə verilmir və ya ciddi gecikmələr yaranır. Hemiltonun danışdığı növbədəki ilk sürücü 12 saatdan çox gözləyirmiş.
Hemilton Misir Qızıl Aypara Cəmiyyətinin logistika mərkəzindəki səylərini qeyd edib. O, geri qaytarılan ləvazimatlar arasında yataq kisələri, ilk yardım çantaları, tibbi avadanlıqlar, əlil arabaları və uşaqlar üçün futbol toplarının olduğunu bildirib. Pilot İsraili atəşkəs çərçivəsindəki öhdəliklərini yerinə yetirməyə və yardım maşınlarının Qəzzəyə girişinə icazə verməyə çağırıb.
O, insanların yaşanan əzablara alışmasını, başqa tərəfə baxmasını və baş verənlərə göz yummasını istəmədiyini deyib.