ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri MV Hondius gəmisində qeydə alınan hantavirus yayılmasını aşağı səviyyəli fövqəladə vəziyyət kimi qiymətləndirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.
Bildirilib ki, mövcud status əhali üçün riskin aşağı səviyyədə olduğunu göstərsə də, səhiyyə orqanları vəziyyəti nəzarətdə saxlamaqda davam edir.
Mayın 4-də "World Health Organization" Hollandiyaya məxsus MV Hondius kruiz gəmisində hantavirusun yayılmasının aşkarlandığını açıqlayıb.
Məlumata görə, gəmi Argentinadan Atlantik okeanı vasitəsilə Kabo-Verde adalarına doğru hərəkət edib. Hazırda virusa yoluxanların sayı doqquz nəfərə çatıb, onlardan üçü həyatını itirib.
"The New York" Post yazıb ki, gəmidə ABŞ-nin California ştatından olan sərnişinlər də olub.
Hazırda aidiyyəti qurumlar gəmidən endikdən sonra səhiyyə orqanları ilə əlaqə saxlamayan 20-dən çox şəxsi axtarır.
Tibbi nəzarətə cəlb edilən şəxslərdə isə hantavirus simptomlarının müşahidə olunmadığı bildirilib.