ABŞ Prezidenti Donald Trampın oğulları Erik Tramp və Donald Tramp kiçik ABŞ administrasiyası tərəfindən dəstəklənən və ümumi kapitallaşması 1 milyard dolları ötən investisiya fondlarına sərmayə yatırırlar.
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə "Financial Times" mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, layihələr əsasən süni intellekt və dron texnologiyaları sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətlərə investisiya qoyuluşuna yönəlib.
Bildirilir ki, fondlar “Amerika iş yerləri yaradan və ABŞ-nin xarici resurslardan asılılığını azaldan inkişaf etməkdə olan texnologiyalar sahəsində Amerika liderlərinə yönəlmiş” American Ventures şirkətinin himayəsi altında yaradılıb.
Qəzetin yazdığına görə, şirkət son 10 ay ərzində yüz milyonlarla dolları kiçik kapitallı səhmlərə, eləcə də dron istehsalı, kriptovalyuta və süni intellekt sahəsində fəaliyyət göstərən özəl müəssisələrə yönəltmək məqsədilə onlarla struktur yaradıb.
Mənbələrdən biri bildirib ki, “yeni texnologiyaların inkişafının gələcəyi ABŞ-dadır”.
Aprelin əvvəlində ABŞ tənzimləyici qurumlarına təqdim olunan sənədlərə əsasən, American Ventures Floridada yerləşən gözəllik salonu şəbəkəsindən Bermud adalarında fəaliyyət göstərən kriptovalyuta kreditoruna və nüvə enerjisi startapına qədər müxtəlif müəssisələri dəstəkləyən 21 investisiya fondu üzrə 1,04 milyard dollarlıq aktivləri idarə edib.
Erik Tramp və Donald Trampın nümayəndələri isə bildiriblər ki, onlar yalnız “passiv investorlar”dır və şirkətlərin gündəlik fəaliyyətində iştirak etmirlər.