ABŞ Prezidenti Donald Tramp süni intellektin inkişafının bəşəriyyət üçün ekzistensial təhlükə yarada biləcəyi ilə bağlı iddiaları "yalan" adlandırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
O, süni intellektlə bağlı narahatlıqları daha əvvəl qlobal istiləşmə ilə bağlı səsləndirilən xəbərdarlıqlarla müqayisə edib.
"Solçu demokratların yaydığı süni intellektlə bağlı yalanlar onların qlobal istiləşmə ilə bağlı son yalanlarını xatırladır. Guya hamı həddindən artıq istilər səbəbindən öləcəkdi. Bəs nə baş verdi?" - Tramp yazıb.
ABŞ Prezidenti süni intellektin nəzarətdən çıxaraq dünyanı məhv edə biləcəyi ilə bağlı fikirləri də tənqid edib.
"Mən yalanları ifşa edənəm və indi daha bir yalanı - süni intellektin dünyanı ələ keçirəcəyi, udacağı və məhv edəcəyi, robotların şəhərlərimizə girərək bizi aradan götürəcəyini ifşa edəcəyəm", - Tramp qeyd edib.
O, bu cür iddiaları 2016-cı il ABŞ prezident seçkilərinə Rusiyanın müdaxiləsi ilə bağlı mübahisələrdən və qlobal istiləşmə barədə xəbərdarlıqlardan belə daha çılğın adlandırıb.
Tramp bu fikirləri yayan şəxslərin ABŞ-nin maraqlarını müdafiə etməyən qüvvələr üçün çalışdığını iddia edib.
Prezidentin açıqlamaları "Anthropic" şirkətinin həmtəsisçisi Cek Klarkın BBC-yə verdiyi müsahibədən sonra səslənib. Klark bildirib ki, süni intellekt proqramları həddindən artıq təhlükəli hala gələrsə, onların tamamilə söndürülməsinə imkan verən mexanizmlər və qaydalar hazırlanmalıdır.
Bundan əvvəl süni intellekt sahəsində fəaliyyət göstərən bir sıra aparıcı şirkətlərin rəhbərləri və əməkdaşları da bu texnologiyanın bəşəriyyət üçün potensial təhlükə yarada biləcəyi barədə xəbərdarlıq ediblər.
Bu narahatlıqlar fonunda sentyabrın 14-də bəzi texnologiya şirkətlərinin səhmlərinin qiyməti aşağı düşüb. İnvestorlar süni intellekt sahəsində inkişaf tempinin mümkün yavaşlamasının şirkətlərin gəlirlərinə və bazar dəyərinə təsirini nəzərə almağa başlayıblar.