Fransanın şərqində, İsveçrə sərhədi yaxınlığındakı Lent qəsəbəsində şəhərlərarası avtobusun qəzaya uğraması nəticəsində uşaq da daxil olmaqla iki nəfər ölüb, 16 nəfər yaralanıb. AnewZ-in məlumatına görə, hadisə cümə günü səhər baş verib. Yaralılardan üçünün vəziyyəti ağırdır.
Yerli hakimiyyət orqanlarının məlumatına əsasən, avtobus yoldan çıxaraq xəndəyə düşüb və ağaca çırpılıb. Qəzanın səbəbi hələ məlum deyil.
Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub, genişmiqyaslı xilasetmə əməliyyatı başlayıb. Ain prefekturası işlərin əlaqələndirilməsi üçün departament üzrə böhran idarəetmə mərkəzini işə salıb.
Lent bələdiyyəsinin meri İv Kristin bildirib ki, qəzadan təxminən 70 nəfər zərər çəkib. O, yardım göstərilməsi və sığınacaqla təmin etmək üçün qəsəbənin icma zalını açıb.
Kristin AFP-yə deyib ki, avtobus yoldan çıxdıqdan sonra ağaca çırpılıb və iki nəfərin ürəyi dayanıb.
Sərnişinlərin kimliyi ilə bağlı ilkin məlumatlar fərqlənib. Təhsil naziri Eduar Gefre əvvəlcə avtobusda məktəblilərin olduğu ehtimalını bildirib, mer isə nəqliyyat vasitəsini məktəb avtobusu adlandırıb. Prefektura isə avtobusun şəhərlərarası marşrutda işlədiyini açıqlayıb.
BFM TV telekanalı təcili xidmətlər ölümləri rəsmən təsdiqləməzdən əvvəl iki nəfərin öldüyü barədə məlumat yayıb. Telekanalın yayımladığı görüntülərdə yol kənarındakı xəndəyə əyilmiş mavi-ağ avtobus və yaxınlıqda toplaşan bir neçə nəfər görünür.
Nəqliyyat naziri Filip Tabaro hadisə yerinə yollandığını bildirib. Qəzanın başvermə şəraiti araşdırılır.