Təxminən bir ildir orbitdə nəzarətsiz şəkildə hərəkət edən "SpaceX Falcon 9" raketinin ikinci pilləsi Ay səthinə çırpılıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, toqquşma saatda təxminən 8 700 kilometr sürətlə baş versə də, hadisə birbaşa müşahidə olunmayıb.
Bununla belə, Çilidə yerləşən teleskoplar toqquşmadan sonra yaranan toz və dağıntı buludunu qeydə alıb.
Mütəxəssislər raket hissəsinin Aya düşməsinin qaçılmaz olduğunu bildiriblər.
Hadisə ABŞ və Çin arasında Aya insan göndərilməsi uğrunda rəqabətin davam etdiyi bir vaxtda kosmik tullantılarla bağlı narahatlıqları yenidən gündəmə gətirib.
Qeyd olunub ki, 2022-ci ildə Çinə məxsus raket də oxşar şəkildə nəzarətsiz olaraq Ayın səthinə düşmüşdü.
"SpaceX" rəsmisi Culiana Şeyman bildirib ki, qəza qəsdən baş verməyib.
Onun sözlərinə görə, Günəş fəallığı və cazibə qüvvələrinin birgə təsiri nəticəsində raketin trayektoriyası dəyişərək Aya istiqamətlənib. Şirkət gələcəkdə belə hadisələrin qarşısını almaq üçün NASA ilə əməkdaşlıq etdiyini açıqlayıb.
Boston Universitetinin alimi Karl Şmidt rəhbərlik etdiyi komandanın müşahidələri zamanı toqquşmanın izlərinin aydın şəkildə qeydə alındığını bildirib. Avropa Cənub Rəsədxanasının Çilidə yerləşən Çox Böyük Teleskopu (VLT) toqquşmadan sonra kosmosa yayılan natrium və litium buludlarını müşahidə edib.
Astronomlar raket hissəsinin Ayın Eynşteyn krateri yaxınlığındakı yaşayış olmayan əraziyə düşdüyünü ehtimal edirlər. Hadisə nəticəsində yaranan kraterin ölçüsü və zərərin dəqiq qiymətləndirilməsi üçün NASA-nın Ay Orbital Kəşfiyyat Aparatı (LRO) həmin ərazi üzərindən keçərək görüntülər əldə edəcək.