"SpaceX"in orbitə çıxardığı "Falcon 9" raketinin təxminən 5 ton ağırlığında olan üst pilləsinin avqustun 5-i saatda təxminən 8 min 700 kilometr sürətlə Aya çırpılması gözlənilir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Astronomik obyektlərin izlənilməsi üçün hazırlanan "Project Pluto" proqramının yaradıcısı Bill Gray bildirib ki, toqquşma avqustun 5-i saat 09:34 radələrində Ayın qərb hissəsində yerləşən Einstein kraterinin yaxınlığında baş verəcək.
Los Alamos Milli Laboratoriyasının tədqiqatçısı Benjamin Fernandonun sözlərinə görə, toqquşma zamanı raketin hissəsi tamamilə buxarlanacaq, güclü işıq parıltısı yaranacaq və Ay səthindən qalxan toz və krater materiallarından ibarət bulud əmələ gələcək.
Alimlər bildirirlər ki, kütləsi və sürəti dəqiq məlum olan bu obyektin Aya çırpılması təbii meteorit toqquşmalarının öyrənilməsi üçün istifadə olunan metodların yoxlanılması baxımından mühüm imkan yaradacaq.
Toqquşmadan sonra yaranacaq toz buludunun təhlili vasitəsilə Ayın həmin bölgəsinin geoloji quruluşu haqqında yeni məlumatların əldə olunması planlaşdırılır.
Mütəxəssislər hesab edirlər ki, bu cür məlumatlar gələcəkdə Ayda daimi bazaların qurulması və astronavtların təhlükəsizliyi ilə bağlı risklərin qiymətləndirilməsi üçün də əhəmiyyət daşıyır.
Toqquşma Ayın gündüz görünən hissəsində baş verəcəyindən onu adi gözlə izləmək mümkün olmayacaq.
Astronomlar həvəskar və peşəkar müşahidəçiləri hadisəni teleskop vasitəsilə izləməyə çağırıblar.