Rusiyalı iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” bloku Ermənistan Mərkəzi Seçki Komissiyasına (MSK) seçki məntəqələrindən birində səsvermənin nəticələrinin ləğv edilməsi tələbi ilə müraciət edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə MSK sədri Vaaqn Hovakimyan brifinq zamanı məlumat verib.
Onun sözlərinə görə, blok 12/13 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız sayılmasını tələb edib. Bildirilib ki, həmin məntəqədə seçki bülletenlərindən biri itkin düşüb və bu hal səsvermə prosesinin sonunda, seçici bülleten tələb etdikdə aşkarlanıb.
“Bütün cavablar 14 iyun tarixli qərara daxil ediləcək”, – deyə MSK sədri bildirib.
Hovakimyan əlavə edib ki, “Birlik Qanadları” adlı siyasi qüvvənin namizədi paytaxt Yerevanda demək olar ki, bütün seçki məntəqələrində səslərin yenidən sayılması üçün müraciət edib. Onun sözlərinə görə, bu müraciətlərə əsasən bir çox məntəqədə səslərin təkrar hesablanması aparılacaq.
MSK rəhbəri qeyd edib ki, nəzəri olaraq ölkə üzrə bütün məntəqələrdə də yenidən sayım tələb oluna bilər, lakin bu proses seçki məntəqələrində iştirak edən səlahiyyətli nümayəndələrin iştirakı ilə həyata keçirilməlidir.
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçirilib. İlkin nəticələrə əsasən, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası 49,825% səslə öndə gedir.
“Güclü Ermənistan” bloku 23,281%, keçmiş prezident Robert Köçəryanın “Ermənistan” bloku isə 9,934% səs toplayıb. Qagik Tsarukyanın “Çiçəklənən Ermənistan” Partiyası isə 4%-lik baryeri keçə bilməyib.
Seçkilərdə iştirak 58,97% təşkil edib.
Yerli müşahidəçilər və müxalifət səsvermə zamanı müxtəlif pozuntular, o cümlədən “karusel” səsverməsi, bülletenlərin doldurulması və açıq səsvermə halları barədə iddialar irəli sürüblər. Seçki prosesi müxalifət nümayəndələrinin saxlanılması ilə də yadda qalıb.