“Barselona” İspaniya millisinin hücumameyilli yarımmüdafiəçisi Fermín Lopes üçün transfer təkliflərini nəzərdən keçirir. Caught Offside bu barədə X sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, Kataloniya klubu 23 yaşlı futbolçunu satmağı planlaşdırmır. Ancaq maliyyə çətinlikləri səbəbindən təxminən 100 milyon avro qarşılığında onunla vidalaşmağa hazır ola bilər. Lopeslə “Çelsi” və PSJ maraqlanır. Paris klubu rəsmi təklif hazırlayır.
Lopes 2025-ci ilin yayında “Çelsi”yə keçmək variantından imtina edərək “Barselona”da qalmağa qərar verib. O, fevralda klubla 2031-ci ilə qədər yeni müqavilə imzalayıb.
Yarımmüdafiəçi 2023-cü ildən “Barselona”nın əsas komandasında çıxış edir. Bu müddətdə 148 matça çıxan Lopes 37 qol vurub və 32 məhsuldar ötürmə edib. Transfermarkt portalının məlumatına görə, futbolçunun təxmini bazar dəyəri 110 milyon avrodur.