Ermənistan Dövlət Gəlirləri Komitəsi baş nazir Nikol Paşinyanın açıqlamasından sonra biznesmen Narek Nalbandyana məxsus müəssisələrdə yoxlama aparmayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə komitənin sədri Eduard Akopyan parlamentdə keçirdiyi brifinq zamanı məlumat verib.
Akopyanın sözlərinə görə, qurum Nalbandyana məxsus şirkətlərdə son vergi yoxlamalarını bu ilin ilk yarısında həyata keçirib.
O qeyd edib ki, komitə istənilən biznesdə yoxlama aparmaq səlahiyyətinə malikdir və Nalbandyanla əlaqəli bizneslərdə də yoxlamalar əvvəllər istisnasız keçirilib.
Yoxlamalar zamanı hansı pozuntuların aşkarlandığını dəqiq xatırlamadığını deyən Akopyan həm xırda, həm də ciddi nöqsanların qeydə alındığını bildirib.
Ermənistanın baş naziri Nikol Paşinyan daha əvvəl Narek Nalbandyanın onun və ailəsinin əsəblərinə təsir etdiyini deyib.
O, özünün “sevimli biznesmeni”nin olması ilə bağlı iddialara da sərt reaksiya göstərərək belə bir şəxsin olmadığını bildirib.
Paşinyan Nalbandyanın onun ailəsi ilə əlaqəsi barədə yayılan məlumatları təkzib etməməsindən narazılığını ifadə edib və hüquq-mühafizə orqanlarına məsələni araşdırmağı tapşırıb.
Baş nazir qeyd edib ki, hər hansı sahibkarın baş nazir ailəsi ilə yaxınlıq görüntüsü yaratmağa çalışdığı müəyyənləşərsə, buna sərt reaksiya veriləcək.
Narek Nalbandyana məxsus “88” supermarketlər şəbəkəsinin fəaliyyəti ilə bağlı daha əvvəl cinayət işi başlanıb.
2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra Nalbandyanın rezonans doğuran biznes aktivləri əldə etməsi və ölkənin ali siyasi rəhbərliyi ilə mümkün əlaqələri barədə mübahisələr onun adını ictimai gündəmdə saxlayıb.
O, əvvəlcə həbs qoyulmuş keçmiş spiker Ovik Abramyanın malikanəsini, daha sonra isə keçmiş Ermənistan Dövlət Gömrük Komitəsinin sədri Armen Avetisyandan alınmış Tsaxkadzordakı “Golden Palace” kompleksini əldə edib.
Erməni mediasının məlumatına görə, Paşinyanın həyat yoldaşı Anna Akopyan “88” supermarketlər şəbəkəsinin ortaq sahiblərindən biridir.
Narek Nalbandyan son günlər ölkənin iki ən böyük sement zavodundan biri olan “Razdan Cement”i də alıb.