Ermənistan parlamentində baş verən kütləvi davadan sonra iclası bərpa edən Milli Məclisin spikeri Ruben Rubinyan baş verənlərə görə birbaşa müxalifəti, xüsusilə “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyanı ittiham edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Rubinyan bildirib ki, hakim “Mülki Müqavilə” partiyasından olan deputat Taron Çaxoyan çıxışında təhqiramiz heç nə deməyib. Spikerin sözlərinə görə, gərginliyi Narek Karapetyan emosiyalarını cilovlaya bilməyərək yerindən təhqirlər yağdırmaqla və ardınca Çaxoyana hücum etməklə başladib. Davada ilk zərbəni isə müxalifətçi deputat Qarnik Davtyanın endirdiyi vurğulanıb.
Zalda mühafizə xidmətini çağırdığını bildirən spiker müxalifətə sərt xəbərdarlıq edib: “Hörmətli həmkarlar, təkrarını istəyirsinizsə, etiraz etmirəm. Ya susun, ya da qulaq asın”.
O əlavə edib ki, “Güclü Ermənistan” deputatlarının köməkçilərinin insidentdə iştirakı təsdiqlənərsə, onların parlamentə girişi birdəfəlik qadağan olunacaq.
Məlumata görə, oktyabrın 29-da parlament zalında başlayan və dəhlizlərdə davam edən davada onlarla deputat iştirak edib. Tərəflər bir-birinə yumruq vurmaqla yanaşı, su butulkaları da fırladıblar. Hətta Milli Məclisin vitse-spikeri Vahan Aleksanyan müxalifətçilərin oturduğu tərəfə kreslo atıb.
Tərəflər arasında baş verən bu qalmaqallı insidentdən sonra Baş nazir Nikol Paşinyan öz komandasının bütün addımlarını tam dəstəklədiyini bəyan edib.