İsraildə keçirilən parlament seçkilərində səslərin 93 faizinin hesablanmasından sonra ilkin nəticələr bəlli olub.
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə İsrailin "Kanal 12" telekanalı məlumat yayıb.
Səslərin böyük hissəsinin nəticələrinə əsasən, Baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi hakim blok 53, keçmiş Baş Qərargah rəisi Qadi Eyzenkotun öncüllük etdiyi müxalifət bloku isə 48 mandat əldə edib.
Mövcud mənzərə göstərir ki, hər iki siyasi qütb 120 yerlik Knessetdə hökuməti formalaşdırmaq üçün tələb olunan 61 mandatlıq səs çoxluğunu təmin edə bilməyib. Partiyalar üzrə bölgüdə Netanyahunun “Likud” partiyası 26 mandatla birinci, Eyzenkotun rəhbərlik etdiyi “Yashar” partiyası isə 21 mandatla ikinci pillədə qərarlaşıb.
Seçkilərin ən diqqətçəkən məqamı İsrail vətəndaşı olan fələstinliləri təmsil edən partiyaların qazandığı uğur olub. Əvvəlki seçkilərdə 16 mandatı olan ərəb partiyaları bu göstəricini 19-a çatdıraraq İsrail parlamenti tarixində ən yüksək təmsilçilik səviyyəsinə nail olublar. Yekun nəticələrin yaxın saatlarda açıqlanacağı gözlənilir.