Dövlət xidmətləri və məhkəmə ekspertizası fəaliyyəti haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr müəyyənləşir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik təklif edilir.
Layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən, dövlət xidmətlərinin göstərildiyi informasiya ehtiyatlarında, sistemlərində aparılan təkmilləşdirilmə işləri barədə xidmət istifadəçilərinin elektron qaydada məlumatlandırılmamasına görə vəzifəli şəxslər 250 manatdan 350 manatadək məbləğdə cərimə ediləcək.
Xidmət istifadəçilərinin dövlət xidmətlərinin göstərilməsi qaydaları ilə bağlı məlumatlandırılmamasına görə vəzifəli şəxslər 350 manatdan 450 manatadək məbləğdə cərimə ediləcək.
Elektron xidmət üzrə dövlət rüsumlarının və (və ya) xidmət haqlarının (ödənişlərin) xidmətin göstərilməsi zamanı elektron formada ödənilməsi imkanının təmin edilməməsinə görə vəzifəli şəxslər 450 manatdan 550 manatadək məbləğdə cərimə ediləcək.
Sənədə görə, xidmət istifadəçilərinin müraciətlərinə uyğun olaraq qanunla müəyyən edilmiş qaydada inzibati akt, texniki sənəd və ya digər hüquqmüəyyənedici sənəd təqdim edilməməsinə və ya informativ xidmət göstərilməklə zəruri informasiya verilməməsinə görə vəzifəli şəxslər 550 manatdan 650 manatadək məbləğdə cərimə ediləcək.
Həmçinin, xidmət istifadəçilərinə dövlət xidmətlərinin göstərilməsindən imtinanın və ya xidmətin göstərilməsinin dayandırılmasının hüquqi əsası, habelə şikayət etmək hüququ barədə məlumat verilməməsinə görə vəzifəli şəxslər 650 manatdan 750 manatadək məbləğdə cərimə ediləcək.
Əlilliyi olan şəxslərin dövlət xidmətlərindən istifadəsinə şərait yaradılmamasına və ya normativ hüquqi aktlarda nəzərdə tutulmuş hallarda onlara səyyar xidmət göstərilməməsinə görə vəzifəli şəxslər 750 manatdan 850 manatadək məbləğdə cərimə ediləcək.
Layihəyə əsasən, dövlət xidməti üzrə məlumatlar Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edilmədən dövlət xidmətinin göstərilməsinə görə vəzifəli şəxslər 850 manatdan 950 manatadək məbləğdə cərimə ediləcək.
Bundan başqa dövlət xidmətlərinin göstərilməsini tənzimləyən normativ hüquqi aktların tələblərinə uyğun olaraq dövlət xidmətlərinin göstərilməməsinə və ya nəticəsi barədə xidmət istifadəçilərinin məlumatlandırılmamasına görə vəzifəli şəxslər 950 manatdan 1000 manatadək məbləğdə cərimə ediləcək.
Qanun layihəsində həmçinin, məhkəmə ekspertizası fəaliyyəti haqqında qanunvericiliyin pozulmasına görə cərimələr də yer alıb.
Sənədə görə, "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Qanuna uyğun olaraq Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edilməyən şəxsin məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olmasına, o cümlədən özünə münasibətdə "məhkəmə eksperti" və ya təşkilatlarının adında "məhkəmə ekspertizası" sözlərindən istifadə olunmasına görə - fiziki şəxslər 2000 manat məbləğində, vəzifəli şəxslər 3000 manat məbləğində cərimə ediləcək.
Məhkəmə ekspertinə hər hansı formada təsir göstərilməsinə və ya məhkəmə ekspertizası aparıldığı zaman məhkəmə ekspertinə mane olunmasına görə - fiziki şəxslər 300 manat məbləğində, vəzifəli şəxslər 600 manat məbləğində, hüquqi şəxslər 900 manat məbləğində cərimə ediləcək.
Məhkəmə ekspertizası idarəsi rəhbərinin sorğusu əsasında mülkiyyət formasından asılı olmayaraq idarə, təşkilat, müəssisələr tərəfindən məhkəmə ekspertizasının aparılması üçün zəruri olan etalon nümunələrinin və texniki məlumatların məhkəmə ekspertizası idarəsinə təqdim edilməməsinə görə fiziki şəxslər 1000 manat məbləğində, vəzifəli şəxslər 2000 manat məbləğində, hüquqi şəxslər 3000 manat məbləğində cərimə ediləcək.
Layihədə yer alan qeyd hissəsinə görə, göstərilən əməllər Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.