Çinin xarici işlər naziri Van İ noyabrın 2-də Pekində İran Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqiri Kani ilə görüşüb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı Van İ Yaxın Şərqdəki mövcud münaqişənin uzandığını və digər bölgələrə də yayıldığını bildirib.
O, vəziyyətin həlli üçün yeganə yolun dialoq və danışıqlar olduğunu vurğulayıb.
Çinli nazir bütün tərəfləri öz xalqları və tarix qarşısında məsuliyyət nümayiş etdirməyə, ortaq məqsəd ətrafında birləşməyə və güc tətbiqinə yenidən əl atmaq əvəzinə, rasional və praktiki yanaşma əsasında siyasi həll yoluna üstünlük verməyə çağırıb.
Van İ Çinin regionda sülhün bərpası üçün bütün tərəflərlə əməkdaşlığı davam etdirməyə hazır olduğunu da qeyd edib.
O, beynəlxalq vəziyyətin qeyri-sabit və dəyişkən olmasına baxmayaraq, Çin-İran münasibətlərinin sabit inkişaf etdiyini bildirib.
"Bu, iki xalqın fundamental maraqlarına, eləcə də Qlobal Cənub ölkələrinin birlik və əməkdaşlıq arzularına uyğundur. Çin İranın suverenliyinin və təhlükəsizliyinin qorunmasını dəstəkləyir və iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün birgə səylər göstərməyə hazırdır",- Çin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Öz növbəsində, Əli Baqiri Kani regiondakı vəziyyətlə bağlı İranın mövqeyini və yanaşmasını diqqətə çatdırıb.
O, Tehranın təhlükəsizliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaqda, eləcə də təhdidlərə qarşı mübarizədə qətiyyətli olduğunu vurğulayıb.
İran rəsmisi ölkəsinin bütün tərəflərlə danışıqlara hazır olduğunu və regionda sülh və sabitliyin təmin olunmasına fəal töhfə verdiyini bildirib.
Baqiri Kani Çin Prezidenti Si Cinpinin təşəbbüs və təkliflərini, eləcə də Pekinin çoxtərəflilik prinsiplərinə sadiq mövqeyini yüksək qiymətləndirib.
O, Çinin beynəlxalq və regional sülhün təmin olunmasında daha mühüm rol oynayacağına ümidvar olduğunu ifadə edib.