Son 15 il ərzində 140-dan çox ölkə Azərbaycanın beynəlxalq yardımından faydalanıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) yaradılmasının 15 illiyinə həsr olunmuş "Humanitar yardım və inkişaf naminə əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin gücləndirilməsi" mövzusunda konfransda bildirib.
XİN başçısının sözlərinə görə, yardımdan faydalananlar arasında Afrikanın 54 dövləti, Qoşulmama Hərəkatının 121 iştirakçı ölkəsindən 111-i, İslam Əməkdaşlıq Təşkilatının 57 üzv dövlətindən 52-si, ən az inkişaf etmiş 44 ölkədən 43-ü, eləcə də inkişaf etməkdə olan 39 kiçik ada dövlətindən 28-i yer alır.
"2020-ci ildən ikitərəfli və çoxtərəfli kanallar vasitəsilə təxminən 400 milyon dollar yardım ayrılıb. COVID-19 pandemiyası dövründə Azərbaycan 80 ölkəyə yardım göstərib", - C.Bayramov bildirib.
Nazir qeyd edib ki, Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığı Ebola epidemiyası ilə mübarizəyə dəstək və Qarşısı alına bilən korluqla mübarizə Alyansında iştirakı da əhatə edib.
"Bu təşəbbüs çərçivəsində 900 mindən çox insan göz müayinəsindən keçib, 150 mindən çox katarakta əməliyyatı aparılıb. Eyni zamanda, yerli tibb mütəxəssislərinin ixtisasının artırılması istiqamətində işlər həyata keçirilib", - C.Bayramov qeyd edib.