“Sabah”la UEFA Çempionlar Liqasının əsas mərhələsinin üçüncü tur matçından (2:1) sonra “Borussiya Dortmund” futbolçularının Bakı Olimpiya Stadionundakı (BOS) duşlardan istifadə etməməsinin səbəbi açıqlanıb.
“Bild”in məlumatına görə, klub rəhbərliyi stadionun su təchizatı sistemində legionella bakteriyalarının ola biləcəyindən narahat olub. Bu bakteriyalar su sistemlərində, xüsusilə borularda suyun uzun müddət durğun qalması nəticəsində çoxala bilər. İnsanlar duş zamanı havaya yayılan çirklənmiş su damcılarını nəfəsə çəkərək yoluxa bilərlər. Nəşr BOS-da bakteriyaların olduğunu təsdiqləyən sübut təqdim etməyib; söhbət klubun ehtimal olunan təhlükə ilə bağlı narahatlığından gedir.
Futbolçuların duş qəbul etməsi və bərpa prosedurlarından keçməsi üçün klubun oteldəki spa zonasını əvvəlcədən bron etdiyi bildirilir. Baş məşqçi Niko Kovaç oyun sonrası duşlardan istifadə etməməyi tövsiyə etdiklərini, eyni qərarın oyundan əvvəlki məşqdən sonra da verildiyini demişdi. İdman direktoru Ole Buk isə oteldəki duşların daha cəlbedici göründüyünü söyləmişdi.
BOS-un ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili departamentinin rəhbəri Firuz Abdulla su təchizatı və duş otaqları ilə bağlı problem iddialarını təkzib edib. “Stadionda su təchizatı ilə bağlı heç bir problem yoxdur. Həm isti, həm də soyuq su var, duş otaqları da işlək vəziyyətdədir”, – deyə o bildirib.
Abdullanın sözlərinə görə, oktyabrın 13-də BOS-da keçirilən “Sabah” – “Slaviya” görüşündə (2:0) duşlarla bağlı narahatlıq yaranmayıb və bakteriyalara yoluxma qeydə alınmayıb. O, stadionun hər il beynəlxalq standartlara uyğun sanitariya yoxlamalarından keçdiyini, bu il də yoxlamanın aparıldığını və arenaya müvafiq sertifikat verildiyini əlavə edib.