Belçikada ağcaqanadlar vasitəsilə keçən Qərbi Nil virusuna yoluxma ehtimalı yüksək olan və rəsmən təsdiqlənən vakaların ümumi sayı 10-a yüksəlib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “Belga” agentliyi səhiyyə idarələrinin rəsmi açıqlamalarına istinadən məlumat yayıb.
Məlumata görə, Flandriya Qulluq İdarəsi Anvers və Flaman Brabant əyalətlərində daha 3 nəfərdə virusun aşkar edildiyini bildirib. Bundan başqa, Brüsselin səhiyyə qurumu "Vivalis" şəhərdə yerli yolla yoluxduğu ehtimal edilən 2 vaka qeydə alıb. Yoluxanlardan biri sağalıb, digər şəxsin isə ölkəsinə dönən və yüngül simptomlar keçirən italiyalı turist olduğu açıqlanıb. Qeydə alınan ümumi xəstələrdən bir neçəsi nevroloji əlamətlər səbəbilə xəstəxanaya yerləşdirilsə də, onların müalicəsi müsbət istiqamətdə davam edir.
Səhiyyə rəsmiləri virusun əsasən quşlar və ağcaqanadlar arasında dövr etdiyini diqqətə çatdıraraq, oktyabr ayına qədər yeni yoluxma hallarının qeydə alına biləcəyini xəbərdar ediblər. Bununla belə, mütəxəssislər geniş əhali kütləsi üçün ümumi risk səviyyəsinin aşağı olduğunu vurğulayırlar.