Belçikanın Mechelen şəhərində atlar və ağcaqanadlar üzərində aparılan laboratoriya testləri nəticəsində “Qərbi Nil” virusunun yayıldığı təsdiqlənib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, yerli səhiyyə qurumları xəstəxana və həkimlərə müraciət edərək, xəstələrin müayinəsi zamanı virusun mümkün simptomlarını nəzərə almağı tövsiyə edib.
Bununla yanaşı, Belçika Qızıl Xaç Cəmiyyəti Brüssel yaxınlığındakı Vilvoorde ərazisində qan donorlarının “Qərbi Nil” virusuna qarşı yoxlanılmasına başlanacağını açıqlayıb.
Gent Universitetinin Baytarlıq Virusologiyası Laboratoriyasının rəhbəri, professor Hans Nauwynck bildirib ki, virus ilk dəfə ötən il quşlar arasında aşkarlanıb. Onun sözlərinə görə, əsasən qarğalar və yırtıcı quşlar vasitəsilə yayılan infeksiya artıq atlarda da qeydə alınıb.
Mütəxəssis virusun insandan insana birbaşa ötürülmə ehtimalının çox aşağı olduğunu, lakin qan köçürülməsi zamanı yoluxma riskinin mövcudluğunu vurğulayıb. Bu səbəbdən qan donorlarının testdən keçirilməsi vacib hesab olunur.
Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) avqustun 21-nə olan məlumatına əsasən, ilin əvvəlindən Avropanın 12 ölkəsində 625 “Qərbi Nil” virusu infeksiyası qeydə alınıb.
İtaliya 311 yoluxma halı ilə ilk sırada qərarlaşıb. Yunanıstanda 157, İspaniyada isə 63 yoluxma müəyyən edilib.
Yoluxanların əksəriyyətində xəstəlik simptomsuz keçir. Lakin bəzi hallarda baş ağrısı, əzələ ağrıları və yüksək hərarət müşahidə olunur. Nadir hallarda isə virus meningitə səbəb olaraq ağır və hətta ölümcül nəticələrə gətirib çıxara bilər.
Mütəxəssislər mülayim qış və quraq yay şəraitinin virusu daşıyan ağcaqanadların çoxalmasına əlverişli mühit yaratdığını bildirirlər.