Moskvada Niderland səfirliyinin yaxınlığında Avropa üzərindən uçan, üzərində Niderland lalələri olan raketləri təsvir edən mural görünüb. Rusiya ilə Niderland arasında Ukraynanın istifadə etdiyi Niderland istehsalı silahlarla bağlı mübahisə fonunda yayılan təsvir yaşayış binasının yan divarına çəkilib.
AnewZ-nin məlumatına görə, divar rəsminin üzərində qırmızı lalələrlə təsvir olunan üç raket və “Niderland diplomatiyasının çiçəkləri” şüarı yer alır. Niderland Xarici İşlər Nazirliyi muralın noyabrda Krım körpüsünə endirilən zərbədə istifadə olunan silahlarla bağlı son mübahisədən aylar əvvəl çəkildiyini bildirib.
Mübahisə Niderlandda yerləşən müdafiə şirkəti “Destinus”un Ukrayna qüvvələrinin noyabrın 17-də körpüyə hücum zamanı onun raketlərindən istifadə etdiyini açıqlamasından sonra başlayıb. Şirkətin prezidenti Oleksandr Danyliuk doqquz “Ruta” qanadlı raketinin buraxıldığını, onlardan yeddisinin körpüyə dəydiyini deyib. Onun sözlərinə görə, Ukrayna “Destinus”un “Da Vinci” uzaqmənzilli zərbə dronlarından da istifadə edib.
Hücum nəticəsində körpünün avtomobil yolu üçün nəzərdə tutulan mərkəzi aşırımı dağılıb. 2018-ci ildə açılan körpü Rusiyanı işğal altındakı Krım yarımadası ilə birləşdirən strateji əhəmiyyətli keçid və Rusiya qüvvələri üçün əsas təchizat marşrutlarından biridir.
Rusiyanın Niderlanddakı səfirliyi “Destinus”un açıqlamasını “etiraf” adlandırıb və Niderland hökumətinin Ukrayna tərəfində müharibəyə açıq şəkildə qoşulub-qoşulmadığını sorğulayıb. Moskva həmçinin şirkət əməkdaşlarının Ukraynada hərbi fəaliyyətlərdə iştirak etməsi barədə iddialarla bağlı Niderland hökumətindən izahat istəyib.
Niderlandın “NRC” qəzetinin araşdırmasına əsasən, “Destinus” əməkdaşları Ukrayna qüvvələrinə hücum dronlarını buraxmağa və ələkeçirici dronları idarə etməyə kömək ediblər. Şirkət hərbi əməliyyatlar apardığını inkar edib və əməkdaşlarının texniki dəstək göstərdiyini bildirib.
Diplomatik gərginlik Rusiyanın hücumu zamanı Kiyevdəki Niderland səfirliyinin yaxınlığına mərmi düşərək cüzi ziyan vurduqdan sonra artıb. Niderland Rusiyanın səfirini XİN-ə çağırıb. Səfir ziyana görə təəssüfləndiyini deyib, lakin Moskvanın Ukrayna paytaxtında hərbi obyektləri hədəf aldığını bildirib.
Niderlandın xarici işlər naziri Tom Berendsen Ukraynanın Niderland silahlarından beynəlxalq hüquqa uyğun istifadəsinə görə məsuliyyət daşıdığını deyib. O, Rusiyanı Niderlandı müharibənin birbaşa iştirakçısı kimi təqdim etməklə “qorxu yaymağa” və Qərbin Kiyevə dəstəyini zəiflətməyə çalışmaqda ittiham edib.