Əfqanıstanın Milli İnkişaf Korporasiyası (NDC) bildirib ki, Qoş Təpə kanalının ikinci mərhələsində qazıntı işləri 99 faiz tamamlanıb. Yaxın vaxtlarda Amudəryanın suyunun kanala yönəldilməsi gözlənilir. Bu barədə AnewZ məlumat yayıb.
Korporasiyanın məlumatına görə, kanalın suqəbuledici qurğularının, 47 körpünün və su idarəetmə infrastrukturunun tikintisi davam edir. NDC açıqlamasında böyük milli layihə olan Qoş Təpə kanalının tikintisinin son mərhələyə çatdığını və Amudərya suyunun yaxın gələcəkdə kanalın suqəbuledici qurğularına buraxılmasının gözlənildiyini bildirib.
Suyun buraxılacağı tarix açıqlanmayıb.
Özbəkistan su bölgüsü üzrə razılaşma istəyir
Bu açıqlamadan bir həftə əvvəl Özbəkistanın su ehtiyatları naziri Şavkat Xamrayev kanaldan su götürülməsinə 2030-cu ildən əvvəl başlanmasının gözlənilmədiyini demişdi. O, Əfqanıstanın çaydan su istifadə etmək hüququnu tanımaqla yanaşı, nə qədər suyun yönəldiləcəyi barədə razılaşmanın vacibliyini vurğulamışdı.
Xamrayevin sözlərinə görə, əfqan rəsmilərin paylaşdığı ilkin hesablamalar bol sulu illərdə ildə təxminən 10 milyard kubmetr, quraq illərdə isə 6 milyard kubmetr su götürülə biləcəyini göstərir. Nazir daha əvvəl ildə cəmi 4 milyard kubmetr su götürülməsinin belə Özbəkistanın kənd təsərrüfatı sektoru üçün ciddi təhlükə yarada biləcəyini bildirmişdi.
AnewZ planlaşdırılan su götürülməsi, o cümlədən yönəldiləcək suyun həcmi barədə aydınlıq gətirmək üçün NDC-nin sözçüsünə müraciət edib, lakin xəbər dərc olunan vaxtadək cavab almayıb.
285 kilometrlik kanalın tikintisi 2022-ci ildə başlayıb
Qoş Təpə kanalının tikintisinə 2022-ci ildə başlanıb. Kanalın 108 kilometrlik ilk hissəsi 2023-cü ilin oktyabrında tamamlanıb.
Əfqanıstanın ən böyük infrastruktur layihələrindən biri olan kanalın saniyədə təxminən 650 kubmetr su daşıması və ölkənin şimalındakı Bəlx, Cövzcan və Faryab vilayətlərində təxminən 550 min hektar (5 500 kvadratkilometr) kənd təsərrüfatı torpağını suvarması nəzərdə tutulur.
Əfqanıstan hakimiyyəti layihənin kənd təsərrüfatı istehsalını artıracağına, iş yerləri yaradacağına və ölkənin ərzaq idxalından asılılığını azaldacağına ümid edir.