"ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində və "Birliyin Gücü - 2026" birgə hərbi təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə iştirak etmək məqsədilə İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, beynəlxalq sərgidə keçirilən görüşlər çərçivəsində Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun baş qərargah rəisi general-polkovnik Kərim Vəliyev İran Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat üzrə müavini general-leytenant Reza Şeyxhəsəni ilə görüşüb.
Görüşdə iki ölkə arasında hərbi, hərbi-texniki, hərbi təhsil, və tibb sahələrində əməkdaşlıqların mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.