Futbol üzrə Azərbaycan Kubokunun II təsnifat mərhələsinin ikinci oyun günündə beş matç keçiriləcək.
Saat 14:00-da “İmişli” “Qaradağ Lökbatan”ı Yevlax şəhər stadionunda, MOİK “Şahdağ Qusar”ı Binə qəsəbə stadionunda qəbul edəcək. Həmin saatda “Hypers” – “Şamaxı” qarşılaşması Şamaxı şəhər stadionunda başlanacaq.
Günün dördüncü oyunu saat 16:00-da “SOCAR Polymer Arena”da “Şəfa” ilə “Ağstafa Gəncləri” arasında keçiriləcək. Saat 19:00-da isə Gəncə şəhər stadionunda “Kəpəz” “Baku Sportinq”lə üz-üzə gələcək.
“İmişli” – “Qaradağ Lökbatan” matçını Namiq Bəkirov, Qəzənfər Məmmədov, Rəşad Quliyev və Elçin Abdullayev idarə edəcək. Hakim-inspektor Anar Salmanov, AFFA nümayəndəsi Mübariz Hüseynov olacaq. MOİK – “Şahdağ Qusar” görüşündə Murad Səlimov, Anar Bədəlov, Zakir Şükürzadə və Pərviz İbrahimov hakimlik edəcək; hakim-inspektor Rəhim Həsənov, AFFA nümayəndəsi Mahal Məmmədovdur. “Hypers” – “Şamaxı” matçının hakimləri Şamil İmanzadə, Elman Kərimov, Əkbər Əliyev və Nahid Xasıyev, hakim-inspektoru Ramil Diniyev, AFFA nümayəndəsi Yavər Rəhimov olacaq.
“Şəfa” – “Ağstafa Gəncləri” oyununda Sənan Bayramzadə, Elmin Süleymanov, Sevda Nuriyeva və Alik Yunusov hakimlik edəcək. Hakim-inspektor İmanxan Sultani, AFFA nümayəndəsi Azər Əsgərovdur. “Kəpəz” – “Baku Sportinq” matçını Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov və Rasim Musayev idarə edəcək; hakim-inspektor Zöhrab Qədiyev, AFFA nümayəndəsi Namiq Əliyev olacaq.
II təsnifat mərhələsi oktyabrın 29-da başa çatacaq. Oktyabrın 27-də “Araz-Naxçıvan” “Şimal”ı 6:0, “Marafon” “Zaqatala”nı 1:0, “Sumqayıt” “Kür-Araz”ı 11:0, “Qəbələ” “Mingəçevir”i 3:0 hesabı ilə məğlub edib. “Zirə” və “Səbail”in matçının əsas vaxtı 2:2 bitib, penaltilər seriyasında “Zirə” 3:2 hesabı ilə qalib gəlib.