Oktyabrın 6-dan 11-dək İordaniyanın paytaxtı Ammanda veteran güləşçilər arasında dünya çempionatı keçirilib. Azərbaycan təmsilçiləri yarışı üç gümüş medalla başa vurublar.
Yunan-Roma güləşi üzrə Fikrət Bağırov 70 kiloqram, Elgiz Məmmədov isə 100 kiloqram çəki dərəcəsində ikinci yeri tutub. Sərbəst güləşdə çıxış edən Elçin Həsənov da 70 kiloqramda gümüş medal qazanıb.
Dünya çempionatında Azərbaycanı dörd hakim təmsil edib. I dərəcəli beynəlxalq hakim Elman İsmayılov əsasən xalça rəhbəri kimi işləyib. Milli dərəcəli referilər Əfqan Həbibov, Çinarə Cəfərova və Rəşad Abdulov isə daha çox orta hakim funksiyasını yerinə yetiriblər.
Azərbaycan hakimləri beynəlxalq kateqoriya almaq üçün keçirilən imtahanlarda da iştirak ediblər. İmtahanların nəticələrinin 2026-cı ilin sonunadək açıqlanacağı bildirilib.