Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli Bakı-2026 dünya çempionatının yekunlarına həsr olunan mətbuat konfransında Azərbaycan cüdoçularının nəticələrindən danışıb.
O bildirib ki, doğma azarkeşlərin dəstəyi idmançılar üçün üstünlük olsa da, ailə üzvlərinin və yaxınlarının tribunada olması əlavə təzyiq yarada bilər. Məmmədlinin sözlərinə görə, bu amil bəzi hallarda idmançıların çıxışına mənfi təsir göstərir. Bununla belə, o, komandanın nəticələrini yüksək qiymətləndirərək idmançıları təbrik edib.
Mətbuat konfransında ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu, milli komandaların performans direktoru və kişilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Riçard Trautman da iştirak ediblər.
Cüdo üzrə dünya çempionatı oktyabrın 4-dən 11-dək Bakıda keçirilib. Azərbaycan millisi bir qızıl, iki gümüş və dörd bürünc medal qazanaraq böyüklər arasında dünya çempionatlarında medal sayına görə milli rekord müəyyənləşdirib. Əhməd Yusifov (60 kq) dünya çempionu olub. Zelim Tçkayev (81 kq) və Uşanqi Kokauri (100 kq-dan yuxarı) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (100 kq-dan yuxarı) bürünc medal qazanıblar.