Çinin Nankin şəhərində batut gimnastikası və tamblinq üzrə keçirilən 39-cu dünya çempionatında iştirak edən Azərbaycan milli komandasının üzvləri Vətənə qayıdıblar. Azərbaycan gimnastları yarışı ümumilikdə 1 qızıl və 2 gümüş medalla başa vurublar.
Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Aleksey Karataşovdan ibarət Azərbaycan tamblinq komandası dünya çempionatında ardıcıl üçüncü dəfə çempion olub. Dörd gimnast komanda yarışında qızıl medal qazanıb.
Batut gimnastikasının qarışıq sinxron proqramında çıxış edən Selcan Mahsudova və Maqsud Mahsudov dünya çempionatında ilk dəfə gümüş medal əldə ediblər. Tamblinq üzrə fərdi yarışda gümüş medal qazanan Tofiq Əliyev üçün də bu, dünya çempionatında fərdi proqram üzrə ilk mükafat olub.
Dünya çempionatının medalçılarını hava limanında ailə üzvləri, media nümayəndələri və federasiya təmsilçiləri qarşılayıblar. Beləliklə, Nankindəki yarışda qızıl medal qazanan tamblinq komandası ilə yanaşı, qarışıq sinxron və fərdi proqramda gümüş mükafat əldə edən gimnastlar da Vətənə dönüblər.