Azərbaycanın batut gimnastı Selcan Mahsudova Çinin Nankin şəhərində keçirilən dünya çempionatında qadınlar arasında fərdi batut yarışının finalında altıncı yeri tutub. O, çıxışına görə 56,580 xal toplayıb.
Mahsudova bu nəticə ilə İtaliya və Yaponiya təmsilçilərini qabaqlayıb. Qızıl medal Çin gimnastı Ju Şueyinə qismət olub. Azərbaycanlı idmançı ötənilki dünya çempionatında beşinci yeri tutmuşdu.
Selcan Mahsudova noyabrın 7-də qardaşı Maqsud Mahsudovla qarışıq sinxron tullanışlarda gümüş medal qazanıb.
Azərbaycan millisi dünya çempionatında tamblinq üzrə iki medal əldə edib: komanda yarışı qızıl medalla başa vurub, Tofiq Əliyev isə fərdi yarışda gümüş medal qazanıb. Azərbaycan yığması tamblinq üzrə komanda yarışlarında ardıcıl üçüncü dəfə dünya çempionu olub. Əliyev fərdi yarışlarda ilk dünya çempionatı medalını əldə edib.