Ermənistan və Azərbaycan qarşılıqlı tədarük üçün nəzərdə tutulan malların siyahısını mübadilə edib və hazırda biznes nümayəndələrinin mövqeyi gözlənilir.
"Operativ Məlumat Mərkəzi-OMM"-in Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan brifinq zamanı bildirib.
Nazir qeyd edib ki, hazırda Azərbaycan istehsalı olan benzin və dizel yanacağı Ermənistan bazarında mövcuddur, lakin Ermənistan məhsulları Azərbaycan bazarında təmsil olunmur.
Papoyanın sözlərinə görə, tərəflər qarşılıqlı ticarət üçün məhsul siyahılarını müzakirə edərək mübadilə ediblər:
“Biz anlayırıq ki, bazarlar hər iki tərəf üçün açıq olmalıdır – həm Azərbaycan üçün Ermənistan bazarı, həm də Ermənistan üçün Azərbaycan bazarı. Bu proses zaman tələb edir və tədricən inkişaf edir”.
Nazir vurğulayıb ki, qarşılıqlı tədarüklər üçün zəruri şəraitin böyük hissəsi artıq formalaşdırılıb. Bununla belə, tam logistik əlaqələndirmənin olmaması və bəzi digər texniki məsələlər hələ də həllini tapmayıb.
O əlavə edib ki, bu istiqamətdə işlər davam etdirilir və zərurət yaranarsa, malların Ermənistan ərazisindən tranzit keçidi üçün mövcud nəqliyyat marşrutları və əlaqə kanalları artıq açıqdır.
“Dövlət mövcud qaydalara uyğun olaraq, fəaliyyət göstərən avtomobil yolları, dəmir yolları və digər nəqliyyat vasitələri vasitəsilə şərait yaradır. Məqsəd hansı məhsulların qarşılıqlı şəkildə bazarlarda reallaşdırıla biləcəyini müəyyən etməkdir. İki il əvvəl bu cür mexanizmlərin olmadığını nəzərə alsaq, görülən işləri müsbət qiymətləndirirəm”, – deyə Papoyan bildirib.