AnewZ-nin Rəy bölməsində dərc olunan məqalədə din və dünyəvilik arasındakı münasibətlər, eləcə də Azərbaycanın bu sahədəki yanaşması nəzərdən keçirilir. Nəşr qeyd edir ki, bölmədə müstəqil müəlliflərin fikir və təhlilləri yayımlanır, yazılardakı mövqelər müəlliflərə məxsusdur və AnewZ-nnin rəsmi mövqeyini əks etdirmir.
Müəllifin fikrincə, müasir dövlət dünyəvilik prinsipi əsasında formalaşıb və bu prinsip dövlətlə cəmiyyət, o cümlədən vətəndaşlar arasındakı münasibətləri tənzimləyən konstitusiyalarda əksini tapıb. Azərbaycan Konstitusiyasında da dövlətin xarakteri müəyyən edilərkən dünyəvilik prinsipi nəzərdə tutulur. Yazıda Azərbaycan doktrinası geniş anlayış kimi təqdim olunur, lakin əsas diqqət din və dünyəvilik məsələsinə yönəldilir.
Dünyəvi dövlətlərin formalaşması
Məqalədə qeyd olunur ki, siyasi nəzəriyyəçilər müəyyən sərhədlər daxilində qüvvədə olan suverenliyi milli dövlətlərin təməli hesab ediblər. Dövlətlər birliyi, bütövlüyü, bölünməzliyi və mütləqliyi ehtiva edən suverenliyi bölüşməyə, yaxud kənar müdaxiləni qəbul etməyə meyilli olmayıblar.
Müəllif milli dövlətlərin başqa bir xüsusiyyəti kimi sosial, iqtisadi, mədəni və siyasi həyatın dünyəvilik prinsipi çərçivəsində müəyyənləşdirilməsini göstərir. Avropada dünyəviliyin carçısı Volter, Azərbaycanda isə Mirzə Fətəli Axundzadə olub.
Beləliklə, dini doktrina və sülalələr üzərində qurulan dövlət modeli milli suverenliyə əsaslanan modelə yer verib. Məqaləyə görə, Azərbaycan Xalq Cümhuriyyəti və Türkiyə Respublikası da bu prinsip çərçivəsində qurulub.
1970–1980-ci illərdə düşüncə, incəsənət, siyasət və iqtisadiyyatda baş verən dəyişikliklər XIX əsrdə formalaşmış müasir nizamı sarsıtmağa başlayıb. Milli dövlətlərin yaranmasında mühüm rol oynamış klassik kapitalizm maliyyə kapitalizminə yer verib, bu proses isə postmodernist və neoliberal düşüncənin yayılması üçün şərait yaradıb.
Məqalədə texnologiyanın yeni formalarının və onun sosial həyata təsirinin də nəzərə alınmasının vacibliyi vurğulanır. Müəllifin fikrincə, bütün bunlar sərt dünyəvilik anlayışı çərçivəsində dinin məbədlərlə məhdudlaşdırılmasına baxmayaraq, dinə sosial, iqtisadi və siyasi həyatda yenidən görünürlük qazandırıb. Bu, müəyyən mənada cəmiyyətdə yaranan ehtiyacın təzahürü olub. Müəllif 30–40 il davam edən mübarizənin sonunda dövlətlərin postmodernist və neoliberal yanaşmalara üstün gəldiyini yazır.
Azərbaycan kimliyi və din siyasəti
Məqalədə dinin kimliyin bir hissəsi olduğu, müasir dünyada isə kimliklərin əsasən milli və etnik təməllərdə formalaşdığı bildirilir. Müəllif Qarabağ mübarizəsini azərbaycanlılar üçün dini deyil, milli mübarizə kimi xarakterizə edir. Bununla yanaşı, İslamın Azərbaycan kimliyi və mədəniyyətinin tərkib hissəsi olduğu qeyd olunur. İşğaldan azad edilmiş ərazilərdə əsgərlərin əvvəlcə bayraq qaldırması, sonra isə minarələrdən azan səsləndirilməsi bu yanaşmanın nümunəsi kimi göstərilir.
Yazıda Azərbaycan milli kimliyinin türk kimliyini inkar etmədiyi, əksinə, türk kimliyinin daxil edilməsinin fərqli və sağlam milli kimlik quruculuğunun əsas şərtlərindən biri olduğu vurğulanır. Müəllif tarixi baxımdan Azərbaycan kimliyinin məhz türk kimliyi, yaxud türkçülük əsasında formalaşdığını və bunun parçalanma təhlükəsi ilə üzləşən Çar imperiyasında azərbaycanlılara fərqli kimlik qazandırdığını bildirir.
Bununla belə, Azərbaycanın milli kimlik siyasətinin təməlləri və siyasi-hüquqi bazası azərbaycançılıq çərçivəsində formalaşıb. Məqaləyə görə, bu yanaşma müəyyən məkan — vətən və ölkə daxilində formalaşan Azərbaycan milli kimliyinə fərqlilik və mövcudluq qazandırıb.
Müəllif Azərbaycan Respublikasının əsas elementi azərbaycançılıq, tamamlayıcı elementi isə multikulturalizm olan “Azərbaycan doktrinası”nı qəbul etdiyini yazır. Məqalədə bunun ölkənin əvvəlcə ölkə daxilində, sonra isə beynəlxalq səviyyədə mövcudluğunu və fərqliliyini qorumaq məqsədi daşıdığı bildirilir. Əks halda, müəllifin fikrincə, Azərbaycanın qonşu dövlətlərin bir hissəsinə çevrilməsi təhlükəsi qaçılmaz ola bilərdi. Buna görə də ölkə müstəqil dövlət kimi öz ayaqları üzərində dayanmağı öyrənməlidir.
Müəllif Azərbaycanın qonşuluğundakı İran və Türkiyədən fərqli olaraq, ölkədə özünəməxsus din siyasətinin formalaşdığını bildirir. Yazıda İranda siyasi sistemin şəriət prinsipləri üzərində qurulduğu, Türkiyədə isə dünyəvi dövlət anlayışının mühafizəkar dəyərləri də əhatə edəcək şəkildə dəyişdiyi qeyd olunur.
Prezident İlham Əliyev də “Al Arabiya” telekanalına müsahibəsində bu məsələyə xüsusi diqqət ayırıb. Məqalədə dövlət başçısının müsahibədəki fikirlərinin Azərbaycanın dinə və dini məzhəblər məsələsinə keçmişdən bu günədək münasibətini əks etdirdiyi bildirilir. İlham Əliyev müsahibəsində deyib:
“Bizim üçün ilk növbədə milli, etnik kimlik gəlir. İkinci yerdə vətəndaşlıqdır. Yaxud vətəndaşlıq etnik kimliklə yanaşı birinci yerdə ola bilər. Azərbaycanlıların mütləq əksəriyyəti üçün məzhəb məsələsinin heç bir yeri yoxdur. Biz müsəlmanıq və bizim üçün bu, bir nömrəli məsələdir. Biz hər hansı xarici müdaxilədən tamamilə azadıq.”
Məqaləyə əsasən, din milli kimliyin bir hissəsi olsa da, cəmiyyətin əksəriyyətinin inancı olan İslamın siyasi institutlara və cəmiyyətə birbaşa təsiri Türkiyə və İranla müqayisədə daha zəif olub. Müəllif bunu sosial-tarixi səbəblərlə izah edir. Onun sözlərinə görə, qismən Osmanlı, əsasən isə Səfəvi hakimiyyəti altında olmuş Şimali Azərbaycanda bu imperiyaların idarəçiliyi dövründə dinlə bağlı geniş institusional və yazılı ənənə, xüsusilə mədrəsə sistemi yaranmayıb.
Bugünkü Azərbaycan dövlətinin formalaşdığı coğrafi ərazi hər iki imperiya üçün “uzaq ərazi” — sərhəd bölgəsi rolunu oynayıb. Müqayisə üçün məqalədə Səfəvi dövlətinin dini mərkəzlərinin Cənubi Azərbaycanda — Ərdəbil və Təbrizdə, Osmanlı dini ənənəsinin isə Anadoluda — Konya və Bursada formalaşdığı xatırladılır. Müəllif Azərbaycanda dünyəvi cəmiyyət qurmağın bu iki qonşu ölkə ilə müqayisədə daha asan olduğunu yazır. Osmanlı və Səfəvi irsinin institusional baxımdan əsasən Türkiyə və İran tərəfindən mənimsənildiyi, Azərbaycanın isə öz imkanlarına, tarixi təcrübəsinə və ehtiyaclarına uyğun din siyasəti formalaşdırmağa çalışdığı bildirilir.
Suverenlik və din siyasətinin yenilənməsi
Məqalədə Azərbaycanın müasir tarixinin Gülüstan və Türkmənçay müqavilələri, eləcə də Dağlıq Qarabağ Muxtar Vilayətini (DQMV) yaradan qərarlar kimi xarici müdaxilələrin təsiri altında formalaşdığı xatırladılır. Müəllif 2020 və 2023-cü illərdəki qələbələrdən sonra Azərbaycanın tam suveren dövlətə çevrilmək üçün gələcəyə yönəlik addımlar atmağa çalışdığını, bu baxımdan türk dünyasının ölkənin xarici siyasətinin əsasını və mərkəzini təşkil etdiyini bildirir.
Din ictimai sferadan sıxışdırıldığı 70 illik sovet dövrünün də unudulmamalı olduğu qeyd edilir. Müəllifə görə, həmin tarixi təcrübə və kontekst müəyyən mədəniyyət forması yaradıb. Bu mədəniyyətin dəyişməsi, əsasən, Azərbaycan cəmiyyətinin ehtiyaclarına uyğun baş verməlidir; əks halda xarici müdaxilə nəticəsində formalaşmış din siyasətinin davamlılığını təmin etmək mümkün olmayacaq.
Yazıda İlham Əliyevin “Al Arabiya”ya müsahibəsində bu məsələyə xüsusi diqqət ayırdığı bir daha vurğulanır. Müəllif hökumətlərin iqtisadi və mədəni güc yaratmaq üçün maraqlarına uyğun siyasi diskurs qəbul etməyə çalışdığını qeyd edir.
Məqalədə Azərbaycanın dövlət və hökuməti üçün siyasətin dini xarakter almasının, yaxud siyasi fəaliyyətin bəzi müsəlman ölkələrində olduğu kimi dini məzhəblər, qruplar və icmalar tərəfindən yönləndirilməsinin prioritet olmadığı bildirilir. Müəllif belə vəziyyətin Azərbaycan dövlətinin mahiyyəti, imkanları və fəaliyyət qabiliyyəti ilə ziddiyyət təşkil edə biləcəyini yazır. Ölkənin tarixi təcrübəsi, imkanları və fəaliyyət qabiliyyəti onun təkcə dinə deyil, millətçiliyə də ehtiyacını müəyyənləşdirir.
Məqalədə Azərbaycan hökuməti və dövlət qurumlarının dinə, dini institutlara və dini icmalara münasibətdə multikultural siyasət yürütdüyü qeyd olunur. Eyni zamanda, dinin siyasi institutlara təsirinin yeni formaları nəzərə alınaraq, Azərbaycanın dini sahədə özünəməxsusluğunu qoruyacaq strategiyaya ehtiyac olduğu vurğulanır. Müəllif dinin tamamilə nəzərə alınmadığı sərt dünyəvi siyasətin davamlılığını təmin etməyin mümkün olmadığını bildirir.
Volter, Kant və Axundzadənin formalaşdırmağa çalışdığı dünyanın artıq dəyişdiyi və yeni kimlik qazandığı qeyd olunur. Buna görə də Azərbaycan dövləti din sahəsində öz siyasətini, eləcə də tədris və tədqiqat imkanlarını formalaşdırmağa çalışır. Məqalədə İlahiyyat İnstitutuna da bu kontekstdə baxmağın mümkün olduğu bildirilir. Müəllif türk kimliyi və azərbaycançılıq kontekstində formalaşan milli özünəməxsusluğun din siyasətində də təzahür etdiyini yazır.
Yazıda Azərbaycanın din sahəsində öz siyasətini formalaşdırmaqda davam etdiyi vurğulanır. İşğaldan azad edilmiş Şuşada atılan ilk addımlardan birinin Gövhər Ağa məscidinin bərpası olduğu qeyd edilir. Məqaləyə görə, Gövhər Ağa məscidi də daxil olmaqla dini məkanların bərpası, Şuşada ənənəvi memarlıq xüsusiyyətlərini özündə birləşdirən müasir üslublu məscidin tikilməsi, eləcə də Bakıda dini azlıqların ibadət yerlərinin fəaliyyətinə göstərilən siyasi dəstək dövlətin dinə və dini icmalara laqeyd olmadığını nümayiş etdirir.
Müəllif yekunda dinin Azərbaycan kimliyinin bir hissəsi olduğunu, lakin siyasi və hüquqi qərarların qəbulunda həlledici səlahiyyətə malik olmadığını bildirir. Qələbədən sonra müəyyən yenilənmə tələb edən milli kimliyin qurulması və bu sahədə yürüdülən siyasət dinə yeni yanaşmanı zəruri edir.