İtaliyalı məşqçi Antonio Konte “Mançester Yunayted”in baş məşqçisi olmaq istəyir. Foot Mercato-nun yaydığı məlumata görə, klubun hazırkı baş məşqçisi Maykl Kerrikin gedişi getdikcə daha real görünür və Konte bu vəziyyətdə təyinatı üçün fəal addımlar atmağa başlayıb.
Məlumatda bildirilir ki, italiyalı mütəxəssis İngiltərə klubunda baş məşqçi postuna gətirilməsi ilə bağlı danışıqlarda tanınmış agentin dəstəyini alıb. Konte daha əvvəl İngiltərə Premyer Liqasında “Çelsi” və “Tottenhem” klublarını çalışdırıb.
“Çelsi”yə rəhbərlik etdiyi dövrdə Konte komandanı İngiltərə çempionluğuna və ölkə kubokunun qələbəsinə aparıb. “Mançester Yunayted” isə Premyer Liqada 10 turdan sonra 8 xal toplayıb və turnir cədvəlinin 18-ci pilləsində, aşağı liqaya düşmə zonasındadır.