Albaniyada ətraf mühitə həssas ərazilərdə həyata keçirilməsi planlaşdırılan lüks tikinti layihələri geniş ictimai narazılığa yol açıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ölkənin şimal-qərbində yerləşən Rjoll kəndində yüzlərlə yerli sakin, turizm obyektinin tikintisi üçün ərazilərinin qanunsuz olaraq əllərindən alındığını bildirərək etiraz aksiyası keçirib. Nümayişçilər ərazini əhatə edən çəpərləri sökərək, "inqilab" şüarları səsləndiriblər.
Aksiya iştirakçıları arasında olan torpaq sahibi Zeke Nikolle Şullani bildirib ki, kənd sakinləri kompensasiya ödənilənədək mübarizələrini davam etdirəcəklər.
O, təxminən 200 ailənin torpaqlarının müsadirə olunduğunu vurğulayıb.
Digər bir yerli sakin Nikolin Markpalaj isə investorların xalqla məsləhətləşmədən qərar qəbul etməsini tənqid edərək, vəziyyəti "dəlilik" adlandırıb.
Qeyd edək ki, ölkədəki gərginliyin əsas səbəblərindən biri ABŞ prezidenti Donald Trampın kürəkəni Jared Kushner ilə əlaqəli investisiya şirkətinin Vlyora yaxınlığında planlaşdırdığı lüks kurort layihəsidir.
Flamingo və tısbağaların yuva qurduğu qorunan ərazidə tikilməsi nəzərdə tutulan bu layihənin dəyərinin 4 milyard dollar olduğu təxmin edilir. Albaniyanın Baş naziri Edi Rama isə layihənin yerli qanunvericiliyə və ekoloji normalara uyğun olduğunu bəyan edərək, onu müdafiə edib.