Fransada etirazlar zamanı kitab mağazasını bağlamayan sahibin davranışı diqqət çəkdi – “Açığıq” yazısı qoydu
Fransada etirazlardan sonra küçələrdə yaranan qarışıqlıq zamanı bir kitab mağazasının sahibinin davranışı diqqət çəkib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, ətrafı tüstü, yerə səpələnmiş zibil və qutularla dolu olan mağazanın sahibi sakitliyini qoruyaraq iş yerini bağlamayıb. O, mağazanın qarşısında oturaraq yeməyini yeməyə davam edib.

Mağazasını bağlamadı, müştərilərini gözlədi
Kitab mağazasının qarşısına ingilis dilində “WELCOME / OPEN” (“Xoş gəlmisiniz / Açığıq”) yazısı qoyulub. Küçədəki qarışıqlığa baxmayaraq, sahib mağazanın qapısını açıq saxlayaraq müştərilərini gözləyib.
Vitrindəki kitabların rəflərdə səliqəli şəkildə qalması və mağazanın şüşələrinin salamat olması da diqqət çəkib. Görüntüləri paylaşanlar mağazanın talanlardan zərər görməyən obyektlərdən biri olduğunu bildiriblər.
Mağaza sahibinin qapıları açıq saxlayaraq müştəriləri içəri dəvət etməsinə baxmayaraq, heç kimin içəri girməməsi maraqlı mənzərə yaradıb.

Fransada nə baş verib?
Mənbənin məlumatına görə, oktyabrın 17-də Fransada həyat bahalılığı, təhsil şəraiti və dövlət xidmətlərindəki problemlərə etiraz olaraq kütləvi nümayişlər keçirilib. Bəzi aksiyalar zamanı qarşıdurmalar baş verib.
Paris, Marsel, Lion, Bordo və Nitsa kimi şəhərlərdə mağazaların şüşələrinin sındırıldığı, iş yerlərinin talan edildiyi və avtomobillərin yandırıldığı bildirilir. Zərər çəkən obyektlər arasında lüks brendlərin mağazaları, supermarketlər, elektronika satıcıları və kiçik sahibkarlıq obyektləri də olub.

Zərər çəkən müəssisələrin sayı 3 minə çatıb
Mənbənin yazdığına görə, Fransada baş verən hadisələr nəticəsində zərər çəkən müəssisələrin sayı oktyabrın 20-nə olan məlumata əsasən, ən azı 3 minə çatıb. Əvvəlki açıqlamalarda təxminən 1 500 müəssisənin təsirləndiyi bildirilirdi.
Pərakəndə satış sektoruna dəyən zərərin yüz milyonlarla avro təşkil edə biləcəyi ehtimal olunur. Sığorta şirkətləri zərərin məbləğini müəyyənləşdirmək üçün araşdırmalara başlayıblar. Bəzi sahibkarlar təhlükəsizlik tədbirlərinin yetərli olmadığını bildiriblər.
2 400 nəfər saxlanılıb
Mənbənin istinad etdiyi Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, həftəsonu baş verən hadisələr zamanı təxminən 2 400 nəfər saxlanılıb. Təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında baş verən qarşıdurmalarda çoxsaylı polis əməkdaşlarının yaralandığı bildirilir.
Fransa hökuməti hadisələrdə iştirak edən şəxslərin müəyyənləşdirilməsi üçün genişmiqyaslı araşdırmaya başlayıb. Paris bölgəsində təhlükəsizlik kameralarının görüntülərini və sosial şəbəkələrdə yayılan materialları araşdırmaq üçün təxminən 200 müstəntiqin cəlb olunduğu qeyd edilir.

Hökumət təhlükəsizlik tədbirlərini gücləndirir
Fransanın Baş naziri Sebastyan Lekornyu talan və zorakılıq hallarının qarşısını almaq üçün bəzi ərazilərdə qismən komendant saatının tətbiqini istəyib. O, ictimai asayişin bərpası üçün genişmiqyaslı təhlükəsizlik tədbirlərinin görüləcəyini bildirib. Zərurət yaranarsa, fövqəladə vəziyyət elan edilməsi variantının da nəzərdən keçirilə biləcəyi qeyd olunub.
Hökumət internet platformalarından oğurlanmış mallarla bağlı elanların silinməsini və bu məhsulları satan şəxslərin müəyyənləşdirilməsi üçün hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edilməsini istəyib.
Fransa Prezidenti Emmanuel Makron da etirazlar zamanı baş verən talan və yandırma hallarını pisləyib, məsul şəxslər barəsində tədbir görüləcəyini bildirib.