Bu il Azəri–Çıraq–Günəşli neft-qaz yatağları blokunda (AÇG) xam neft hasilatının 120,1 mln. barel olacağı proqnozlaşdırılır ki, bu da hasilatın azalması nəticəsində 2025-ci ilin göstəricisi (123 mln. barel) ilə müqayisədə 3 mln. barel və ta 2,4% azdır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2026-cı il büdcəsinə verdiyi rəydə bildirilib.
“Qeyd edilməlidir ki, Azəri–Çıraq–Günəşli yatağı üzrə hasilatın pik səviyyəsi 2010-cu ildə 303 mln. barel təşkil etmiş və həmin ildən etibarən hasilatda ardıcıl azalma müşahidə olunmuşdur. Təqdim olunan məlumatlara əsasən, 2026-cı ildə yataq üzrə hasilatın həcmi pik dövr (2010-cu il) ilə müqayisədə 183 mln. barel az olmaqla, təxminən 2,5 dəfə aşağı səviyyədə proqnozlaşdırılır”, - hesabatda qeyd olunur.
Hesabatda bildirilir ki, neft qiymətlərinin kəskin düşməsi və aşağı qiymətlərin uzun müddət davam etməsi, eyni zamanda hasilatın da azalması fonunda Dövlət Neft Fondunun gəlirlərini azaltmaqla aktivlərinin sürətlə tükənməsinə gətirib çıxarma ehtimalı yaratmaqdadır. Belə ki, 2026-cı il üzrə mənfəət neftinin və qazının satışından daxilolmaların 5 030,0 mln. ABŞ dolları olması proqnozlaşdırılır ki, AÇG yatağı üzrə dövlətin payına düşən gəlirlərin həcmi 4 235,8 mln. ABŞ dolları və ya ümumi daxilolmaların 84,2%-ni təşkil edəcəkdir.
“Eyni zamanda, 2022-2026-cı il Fondun “Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər” istiqaməti üzrə daxilolma proqnozuna nəzər yetirdikdə həmin istiqamət üzrə daxilolma proqnozlarında azalma müşahidə edilməkdədir”, - hesabatda vurğulanır.