ABŞ-nin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Mayk Valtz Nyu-Yorkda “Al-Monitor” nəşrinin təşkil etdiyi tədbirdə çıxış edərək Yaxın Şərqdəki geosiyasi vəziyyət və BMT-də həyata keçirilən islahatlar barədə mühüm açıqlamalar verib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə beynəlxalq mətbuat rəsmi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Valtz İranın milli valyutasının rekord həddə dəyər itirdiyini və ölkə iqtisadiyyatının dərin böhranla üzləşdiyini bildirib. Diplomat vurğulayıb ki, mövcud şərtlər daxilində İran rejimi 1979-cu il İslam inqilabından bəri ən zəif mərhələsini yaşayır. O, Vaşinqtonun Tehranla diplomatik danışıqlara açıq olduğunu, lakin zamanın ABŞ-nin xeyrinə işlədiyini bəyan edib. Valtz, həmçinin İranın danışıqlara başlamaq üçün sanksiyaların ləğvi və təzminat tələb etməsi ilə bağlı xəbərləri təkzib edib.
İsrail ilə ərəb dövlətləri arasında münasibətlərin normallaşmasını nəzərdə tutan “İbrahim razılaşmaları”na toxunan diplomat, yeni ölkələrin bu prosesə qoşulmaqda maraqlı olduğunu bildirib.
BMT-nin fəaliyyətini dəyərləndirən Valtz, Vaşinqtonun təşəbbüsü ilə təşkilatın tarixində ilk dəfə ciddi büdcə ixtisarlarının aparıldığını qeyd edib: “Biz BMT-ni pəhrizə saldıq. İllərdir büdcə yalnız böyüyürdü, indi isə daha yığcam və nəticəyönümlü qurum formalaşdırırıq”.