Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisində keçirilən həftəlik mətbuat konfransında Yəməndə günü-gündən kəskinləşən hərbi və humanitar vəziyyətlə bağlı xüsusi bəyanat verilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə BMT-nin Məcburi Köçkünlər üzrə Ali Komissarlığının rəsmisi Baloç jurnalistlərə məlumat verib.
BMT rəsmisi bildirib ki, ölkədə şiddətlənən hərbi toqquşmalar daha genişmiqyaslı məcburi köç dalğasına səbəb olur. Onun sözlərinə görə, mülki əhalinin həm ölkə daxilində yerindən didərgin düşəcəyi, həm də dəniz vasitəsilə Cibuti, Somali və qonşu dövlətlərə sığınacağı gözlənilir:
“Yəməndəki toqquşmalar bir neçə cəbhəyə yayılaraq sürətlə böyüyən köç böhranına yol açır. Sentyabrın əvvəlindən bu günədək 130 mindən çox insan evlərini tərk etməyə məcbur olub. Münaqişənin bütün ağır yükünü yenə də dinc sakinlər daşıyır”.
Baloç indiyədək 28 nəfərin həlak olduğu ən azı 110 insidentin qeydə alındığını diqqətə çatdırıb. Təhlükəsizlik riskləri və humanitar koridorlara qoyulan məhdudiyyətlər yardım fəaliyyətlərini iflic vəziyyətinə salıb.
BMT rəsmisinin sözlərinə görə, kütləvi köç hallarının 60 faizdən çoxu Taiz vilayətinin payına düşür. İyul ayından etibarən yenidən alovlanan döyüşlər bölgədəki hərbi nəzarət xəritəsini köklü şəkildə dəyişib.
Husilər Hudeydə vilayətini tam nəzarətə götürdükdən sonra Taizin qərbinə doğru irəliləyərək Qırmızı dəniz sahilində yerləşən strateji Moha şəhərini və Babülməndəb boğazına çıxış verən marşrutları zəbt ediblər. Ərazidəki Həniş adaları, Meyyun adası və Zubab bölgəsinin də husilərin nəzarətinə keçməsi regionda təhlükəsizlik risklərini ən yüksək həddə çatdırıb.