ABŞ və İran arasında artan gərginlik Pakistanın cənub-qərbində yerləşən Bəlucistan bölgəsində balıqçılıqla məşğul olan icmalar üçün ciddi iqtisadi problemlər yaradıb.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Bəlucistan sahillərindəki balıqçılar uzun illər ərzində ovladıqları məhsulların bir hissəsini İran bazarlarına çıxararaq gəlir əldə ediblər. Lakin regionda təhlükəsizlik vəziyyətinin pisləşməsi bu ticarət əlaqələrinin dayanmasına səbəb olub.
Məlumata görə, ABŞ-ın İranın sahil bölgələrinə endirdiyi zərbələr Pakistan balıqçı gəmilərinin İran limanlarına girişini təhlükəli vəziyyətə gətirib.
Konarak, Pasabandar və Beris limanları balıq ticarətinin əsas mərkəzləri hesab olunsa da, təhlükəsizlik riskləri səbəbindən Pakistanlı gəmi sahibləri bu marşrutlardan istifadə etməkdən çəkinirlər.
Bu vəziyyət balıqçıların yanacaq təminatına da ciddi təsir göstərib. Balıqçılar ənənəvi olaraq tuna balığını İranın benzin və dizeli ilə dəyişirlər. Sərhədyanı təchizat zəncirinin pozulması nəticəsində balıqçılar həm məhsullarına alıcı tapmaqda, həm də dənizə çıxmaq üçün yanacaq əldə etməkdə çətinlik çəkirlər.
İran bazarının Pakistanın ümumi dəniz məhsulları ixracındakı payı böyük olmasa da, Bəlucistanın sahilyanı bölgələri üçün bu ticarət mühüm gəlir mənbəyidir. İllik təxminən 50-60 ton tuna balığının birbaşa İrana satıldığı bildirilir.
Gərginlik balıqçıların təhlükəsizliyinə də təsir edib. İyul ayında İranın Hörmüzqan əyalətində balıqçılıq körpüsünə endirilən zərbə nəticəsində 3 balıqçı həlak olub, 15 nəfər yaralanıb. Bundan əvvəl isə Ərəb dənizində Pakistanlı balıqçı raket qalıqlarının gəmiyə dəyməsi nəticəsində həyatını itirib.
Ekspertlərin sözlərinə görə, yaranmış böhran yalnız balıqçıları deyil, balıq tacirlərini, nəqliyyatçıları, buz istehsalı müəssisələrini və gəmi təmiri ilə məşğul olanları da çətin vəziyyətə salıb.
Soyuducu anbarların kifayət qədər olmaması səbəbindən balıq məhsullarını alternativ bazarlara yönləndirmək də çətinləşib. Beləliklə, regiondan kənarda baş verən geosiyasi qarşıdurma Pakistanın sahil iqtisadiyyatına birbaşa təsir göstərir.