Azərbaycan Basketbol Federasiyası (ABF) Beynəlxalq Basketbol Federasiyasına (FIBA) qarşı İdman Arbitraj Məhkəməsində (CAS) iddia qaldırmasının səbəblərini açıqlayıb. Federasiyanın bəyanatında bildirilib ki, basketbolun inkişafı və institusional əlaqələrin möhkəmləndirilməsi istiqamətində birgə fəaliyyət zamanı müəyyən məsələlərə dair fikir ayrılıqları yarana bilər.
ABF qeyd edib ki, belə hallarda Azərbaycan basketbolunun hüquq və maraqlarını qorumaq üçün müvafiq hüquqi vasitələrə müraciət edə bilər. Federasiya beynəlxalq qurumla fikir ayrılığının mahiyyətinə, hüquqi prosesin məqsədinə və işin məxfi xarakterinə də toxunub.
“Sözügedən iş FIBA-nın əvvəlki qaydalarından hazırda qüvvədə olan qaydalarına keçid zamanı yaranmış mübahisənin həlli ilə bağlıdır. Məqsəd Azərbaycan basketbolunun maraqlarını qorumaqdır”, – açıqlamada bildirilib.
Federasiya hüquqi proses davam etdiyinə və iş məxfi xarakter daşıdığına görə hazırkı mərhələdə paylaşa biləcəyi məlumatın bununla məhdudlaşdığını vurğulayıb. ABF-nin FIBA-ya qarşı iddiası üzrə məhkəmə işinə 2026-cı il dekabrın 1-də CAS-da baxılması nəzərdə tutulub.