İlhamə Qədimova
Kənd təsərrüfatı nazirinin müavini
Tərcümeyi-hal
1975-ci ildə anadan olub. Hüquq üzrə fəlsəfə doktorudur.
Özəl sektorda 11 il hüquqşünas və konsultant kimi çalışıb. 2010–2012-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq sektorunda mütəxəssis və baş məsləhətçi olub. 2012-ci ildən Vəkillər Kollegiyasının üzvüdür. 2012–2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi aktların ekspertizası sektorunun və Hüquqi təminat şöbəsinin müdiri işləyib.
2018-ci ilin may–sentyabr aylarında Kənd Təsərrüfatı Nazirliyinin Hüquq şöbəsinin müdiri olub. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 sentyabr tarixli Sərəncamı ilə kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib.
Təhsil
1992–1993-cü illərdə Ankara Universitetinin Türkcə Öyrətim Mərkəzində, 1993–1997-ci illərdə dövlətlərarası saziş əsasında Türkiyənin Ankara və Mərmərə universitetlərinin Hüquq fakültəsində bakalavr, 1998–2001-ci illərdə Mərmərə Universitetinin Sosial Elmlər İnstitutunda dövlət hüququ üzrə magistr təhsili alıb. 2002–2009-cu illərdə həmin institutda doktorantura təhsili alaraq fəlsəfə doktoru elmi dərəcəsini əldə edib.