Ukrayna Prezidenti Volodimir Zelenski şənbə günü verdiyi bəyanatda Rusiyanın yaxınlaşan Cenevrə sülh danışıqları üçün nümayəndə heyətinin rəhbərliyini dəyişmək qərarının irəliləyişi ləngitmək məqsədi daşıdığını bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində jurnalistlərə danışan Zelenski, Moskvanın əvvəlki müzakirələrə rəhbərlik etmiş hərbi kəşfiyyat rəisi İqor Kostyukovu prezidentin köməkçisi Vladimir Medinski ilə əvəzləməsinə təəccübləndiyini ifadə edib.
Zelenski qeyd edib ki, ruslar qrupun liderini dəyişməklə qərarların qəbulunu təxirə salmaq istəyirlər.
O, Vaşinqtonun Rusiyaya bu yeni nümayəndə heyəti vasitəsilə danışıqları yenidən sıfırdan başlamasına imkan verməyəcəyinə ümid etdiyini vurğulayıb.
Ukrayna lideri həmçinin beynəlxalq tərəfdaşlarla uzunmüddətli təhlükəsizlik zəmanətləri üzərində işin yekunlaşmaq üzrə olduğunu bildirib.
Zelenski atəşkəsdən sonra Rusiyanın yenidən təcavüz etməməsi üçün Ukrayna ərazisində xarici qoşunların yerləşdirilməsinin vacibliyini təkrar edib. O, ərazi güzəştləri ideyasını qəti şəkildə rədd edərək, Ukrayna torpaqlarının bir hissəsinin mübadilə edilməsini "dəlilik" adlandırıb. Prezident vurğulayıb ki, söhbət təkcə ərazidən deyil, orada yaşayan 200 minə yaxın insanın həyatından gedir.
Qeyd edək ki, 17-18 fevral tarixlərində Cenevrədə Ukrayna, Rusiya və ABŞ nümayəndə heyətləri arasında üçtərəfli görüşlərin keçirilməsi planlaşdırılır. Bu görüşlər Donald Trampın dördüncü ilinə daxil olan müharibəni dayandırmaq üçün vasitəçilik səyləri çərçivəsində baş tutacaq.