“Vikinq” və “Sabah” arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyunu Azərbaycan və Norveç klublarının avrokuboklardakı 9-cu dueli olacaq. İndiyədək komandalar təsnifat və qrup mərhələlərində qarşılaşıblar.
Əvvəlki qarşılaşmalar
İlk görüş 2009-cu ildə baş tutub. UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ” səfərdə “Rusenborq”la qolsuz heç-heçə edib, Bakıda isə 1:0 hesabı ilə qalib gəlib.
2013/2014 mövsümündə “İnter” (hazırkı “Şamaxı”) “Tromse” ilə üz-üzə gəlib. Səfərdə 0:2 hesabı ilə uduzan Bakı klubu evdə 1:0 qalib gəlsə də, mübarizəni dayandırıb.
“Qarabağ” 2021-ci ildə Çempionlar Liqasının III təsnifat mərhələsində “Molde” ilə Kiprdə qarşılaşıb. Əsas vaxt 0:0 bitib, penaltilər seriyasında Norveç klubu 6:5 hesabı ilə üstün olub. 2023/2024 mövsümündə Avropa Liqasının qrup mərhələsində “Qarabağ” Bakıda 1:0 qələbə qazanıb, səfərdə isə 2:2 oynayıb. 2024/2025 mövsümündə “Budyo Qlimt”i Norveçdə 2:1 hesabı ilə məğlub edib.
Beləliklə, əvvəlki 8 matçın 2-si heç-heçə başa çatıb. “Vikinq” – “Sabah” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Kontekst
“Sabah”ın “Vikinq”lə Norveçdə keçirəcəyi oyunda komandanı 200-dək azarkeşin dəstəkləyəcəyi gözlənilir. Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov komandanın noyabrın 2-də çarter reysi ilə Stavangerə yollanacağını və uçuşun saat 15:00-a nəzərdə tutulduğunu bildirib.