“Neftçi”nin baş məşqçisi Konstantinos Vasiliadis FIBA Avropa Kubokunun təsnifat mərhələsinin cavab oyununda Estoniyanın “Parnu” komandasına 61:73 hesabı ilə məğlubiyyəti dəyərləndirib.
Bakı təmsilçisi ilk görüşdə qazandığı 13 xallıq üstünlük sayəsində iki oyunun yekununa əsasən turnirin qrup mərhələsinə vəsiqə qazanıb.
Vasiliadis nəticədən məmnun olsa da, komandanın cavab matçındakı çıxışını qənaətbəxş hesab etmədiyini bildirib.
“Qrup mərhələsinə yüksəldiyimiz üçün məmnunam, amma bugünkü oyunumuz məni qane etmədi. Komanda matça lazımi səviyyədə köklənə bilmədi, oyunçuların meydandakı qarşılıqlı anlaşması da istədiyim səviyyədə deyildi”, – deyə baş məşqçi vurğulayıb.
Mütəxəssis ilk oyundakı üstünlüyün komandanın qələbə əzminə təsir etməməli olduğunu söyləyib. O, hər görüşdə maksimum mübarizə aparmağın, həm müdafiədə, həm də hücumda komandaya fayda verməyin vacibliyini qeyd edib.
Baş məşqçi hücumda yaradılan imkanların bir hissəsindən istifadə edə bilmədiklərini və bunun konsentrasiyanın bəzi epizodlarda aşağı olduğunu göstərdiyini bildirib. Vasiliadis qarşıdakı oyunlarda digər basketbolçulara daha çox vaxt vermək variantını da nəzərdən keçirəcəyini deyib.
“Neftçi”nin çalışdırıcısı komandanın turnirə sadəcə iştirak etmək üçün gəlmədiyini, məqsədlərinin mümkün qədər çox qələbə qazanmaq və yüksək nəticələr əldə etmək olduğunu vurğulayıb.