Avstraliya, Kanada, İtaliya və Böyük Britaniya İsraili Qəzza zolağının bütün ərazisinə humanitar yardımın təcili və maneəsiz çatdırılmasını təmin etməyə çağırıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, dörd ölkənin xarici işlər nazirləri ötən gün birgə bəyanat yayaraq mühasirədə olan Qəzza zolağındakı ağır humanitar vəziyyətə beynəlxalq ictimaiyyətin diqqətini cəlb ediblər.
Bəyanatda bildirilib ki, Qəzza əhalisinin sığınacağa və humanitar yardıma ciddi ehtiyacı var. Bununla belə, 150 min çadır və digər həyati əhəmiyyətli ləvazimat sərhəddə saxlanılır və onların Qəzzaya çatdırılmasına maneə yaradılır.
Dörd ölkə İsrail hökumətini humanitar yardımların çatdırılmasında yaranan gecikmələrə son qoymağa, Qəzza zolağının bütün ərazisinə yardımın dərhal və maneəsiz daxil olmasına şərait yaratmağa çağırıb.
Bəyanatda qeyd olunub ki, bu ay yağan güclü leysan yağışları Qəzzada on minlərlə çadırı yuyub aparıb, nəticədə çox sayda insan evsiz və sığınacaqsız qalıb.
"Bu vəziyyəti düzəltmək mümkündür və qış tam başlamazdan əvvəl tədbir görmək üçün hələ vaxt var", - bəyanatda vurğulanıb.
Qeyd edək ki, İsrail uzun illərdir 2 milyondan çox insanın yaşadığı Qəzza zolağına malların idxalını və ixracını məhdudlaşdırır. 2023-cü ilin oktyabrında Qəzzaya qarşı müharibənin başlanmasından sonra isə İsrail Fələstin ərazisini tam blokadaya alaraq ərzaq və su kimi ən zəruri ehtiyacların belə çatdırılmasına ciddi məhdudiyyətlər tətbiq edib.