Fələstin rəsmisi Səudiyyə Ərəbistanında Qəzza və İordan çayının qərb sahilindəki vəziyyəti müzakirə edib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Fələstin Xarici İşlər Nazirinin müavini Varsen Ağabekyan Ciddə şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.
Ağabekyan Səudiyyə Ərəbistanının xarici işlər nazirinin müavini Valid əl-Hureyci ilə görüşündə Qəzza zolağı, İordan çayının qərb sahili və Şərqi Qüdsdəki vəziyyəti, eləcə də Fələstin məsələsinə beynəlxalq dəstəyin gücləndirilməsi yollarını müzakirə edib. O, İsrailin hücumlarının dayandırılması, humanitar yardımların bölgəyə çatdırılması və Fələstin hökumətinə dəstəyin artırılmasının vacibliyini vurğulayıb.
Türkiyənin xarici işlər nazirinin müavini Musa Kulaklıkaya ilə görüşdə isə İsrailin gərginliyi artırmasının qarşısının alınması və Fələstin məsələsinə diplomatik dəstəyin gücləndirilməsi müzakirə olunub. Ağabekyan İordan çayının qərb sahilində hücumlar və məcburi köçürmələrlə bağlı narahatlığını ifadə edib. Kulaklıkaya Türkiyənin Fələstinə dəstəyini bir daha təsdiqləyib.
BƏƏ nümayəndə heyətinin rəhbəri Matar Salim əd-Zahiri ilə görüşdə Fələstin hökumətinin üzləşdiyi maliyyə böhranı müzakirə edilib. Ağabekyan hökumətin öhdəliklərini yerinə yetirə bilməsi üçün maliyyə təhlükəsizliyi mexanizminin yaradılmasının zəruriliyini bildirib.
Seneqal, İndoneziya və Somali rəsmiləri ilə görüşlərdə isə işğal altındakı ərazilərdə humanitar vəziyyət, tibbi ləvazimat çatışmazlığı və diplomatik koordinasiya məsələləri nəzərdən keçirilib.
Ağabekyan İƏT-in yeni Baş katibi İsmayıl Vələd Şeyx Əhmədlə görüşündə beynəlxalq qərarların icrası və işğalın sona çatdırılması üçün İslam dünyasının vahid mövqedən çıxış etməsinin vacibliyini vurğulayıb. O, həmçinin İordan çayının qərb sahilində qanunsuz məskunlaşma fəaliyyətləri və “E1” layihəsinin Fələstin dövlətinin coğrafi bütövlüyünə təhdid yaratdığını bildirib.