Polşanın “Rakuv” klubunun baş məşqçisinin köməkçisi Lukaş Oçimek Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin oyununu yüksək qiymətləndirib. O, “Przegląd Sportowy” nəşrinə müsahibəsində futbolçunun taktiki rolundan danışıb.
Oçimek fikirlərini Polşa çempionatının XV turunda noyabrın 22-də “Vidzev”ə qarşı keçirilən və “Rakuv”un 3:1 hesablı qələbəsi ilə başa çatan görüşün timsalında izah edib. Komandasının künc zərbəsindən vurduğu ilk qolu təhlil edən mütəxəssis cərimə meydançasındakı hərəkətlərin həlledici olduğunu bildirib.
Onun sözlərinə görə, bu detalları tribunadan və ya televiziya yayımından görmək olmur. Belə epizodları araşdırmaq üçün məşqçilər korpusu xüsusi taktiki kameralardan istifadə edir. Oçimek həmin görüntülərdə qapı qarşısındakı hər futbolçunun tapşırığını yerinə yetirdiyini deyib və cərimə meydançasına ötürmələr zamanı Emrelinin hərəkətlərini Yunatan Braut Brunesin hərəkətləri ilə müqayisə edib.
Oçimek hücumçunun pressinqdə fəallığını da vurğulayıb. “Rakuv”un baş məşqçisi David Şvarqa da oyundan sonra Emrelinin bu xüsusiyyətinə diqqət çəkib.
Emreli son vaxtlar komandanın start heyətində müntəzəm yer alır. “Rakuv” son üç turda üç qələbə qazanıb. Azərbaycanlı futbolçu “Poqon”la 3:1, “Legiya” ilə 4:2 hesablı oyunlarda məhsuldar ötürmə edib.
29 yaşlı hücumçu bu mövsüm Polşa çempionatında “Rakuv”un keçirdiyi 15 oyunun hamısında meydana çıxıb, 14 matçda start heyətində olub. O, üç qol vurub və üç məhsuldar ötürmə edib. “Rakuv” bu gün növbəti turda “Pyast”la qarşılaşacaq.