AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Misli Premyer Liqasının ilk dövrəsinin maraqlı və rəqabətli keçdiyini deyib.
“Turnir cədvəlinə nəzər salanda görürük ki, bir neçə komanda yüksək pillələr uğrunda mübarizə aparır. Bu da Premyer Liqaya olan marağı artırır”, – Sadıqov bildirib.
O, iddialı komandalar “Neftçi”, “Sabah” və “Qarabağ”la yanaşı, “Turan Tovuz”un da çıxışını fərqləndirib. Sadıqovun sözlərinə görə, Tovuz təmsilçisi iddiasını ortaya qoyaraq rəqabətə qoşulub. O, “Neftçi”nin illər əvvəlki mövqeyinə qayıtmasını müsbət qiymətləndirib və köklü klubların çempionluq mübarizəsində iştirakının Azərbaycan futbolunun inkişafı üçün önəmli olduğunu vurğulayıb.
Sadıqov ilk dövrənin nəticələrindən razı qalmağın mümkün olduğunu, lakin qarşıda uzun yolun qaldığını söyləyib. Qış fasiləsində heyətlərdə ediləcək dəyişikliklərin və komandaların hazırlıq səviyyəsinin növbəti dövrələrdəki mübarizəyə təsir göstərəcəyini qeyd edən mütəxəssis qarşıdakı oyunlarda daha gərgin və maraqlı mübarizə gözlədiyini bildirib.
İlk dövrədən sonra “Neftçi” 24 xalla turnir cədvəlinə başçılıq edir. “Sabah” və “Turan Tovuz” 21 xalla ikinci-üçüncü yerləri bölüşür, “Qarabağ” isə 19 xalla dördüncü pillədə qərarlaşır.