Avropa İttifaqı Şurası noyabrın 16-da Ukraynaya münaqişənin başlanmasından bəri ən böyük birdəfəlik maliyyə yardımının göstərilməsi barədə qərar qəbul edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Aİ-nin rəsmi saytında yayılan bəyanatda bildirilib.
Qeyd olunub ki, qəbul edilən qərar Ukraynaya yaxın vaxtlarda Ukrayna Fondu çərçivəsində təxminən 8 milyard avro vəsaitin ayrılmasına imkan verəcək.
Bu məbləğin təxminən 5 milyard avrosu 2026-cı il üçün fond çərçivəsində nəzərdə tutulan vəsaitlərdən formalaşır.
Bildirilib ki, bu, sözügedən fond çərçivəsində Aİ-nin Ukraynaya təqdim etdiyi ən böyük birdəfəlik ödənişdir.
Maliyyə yardımı Ukraynanın bir sıra əsas sahələrdə islahatlarla bağlı 20-dən çox hədəf tədbiri həyata keçirməsindən sonra ayrılır. Bu sahələrə məhkəmə sistemi, korrupsiya və çirkli pulların yuyulmasına qarşı mübarizə, maliyyə bazarları, dövlət aktivlərinin idarə olunması, insan kapitalı, biznes mühiti, desentralizasiya və regional siyasət, energetika, aqrar-ərzaq sektoru, rəqəmsal transformasiya və ətraf mühitin mühafizəsi daxildir.
Aİ-dən bildirilib ki, ayrılan vəsait Ukraynanın makroiqtisadi sabitliyinin gücləndirilməsinə, ölkənin bərpası və modernləşdirilməsinə, dövlət idarəetmə sisteminin fasiləsiz fəaliyyətinin təmin edilməsinə, eləcə də islahatların həyata keçirilməsinə dəstək məqsədi daşıyır.