AnewZ-nin məlumatına görə, Estoniya dekabrın 1-dən Rusiya ilə olan üç sərhəd-keçid məntəqəsinin hamısını bağlayacaq. Qərar Estoniyanın pilotsuz uçuş aparatları istehsalçısı “Threod Systems”ə qarşı yandırma cəhdi ilə bağlı səkkiz nəfərin saxlanılmasından sonra açıqlanıb.
Estoniyanın xarici işlər naziri Marqus Tsahkna qərarı bazar günü elan edib və ölkəyə qarşı düşmənçilik addımlarının cavabsız qalmayacağını bildirib.
Estoniya hakimiyyəti saxlanılan şəxslərin gecə saatlarında “Threod Systems”ə qarşı törədilməsi planlaşdırılan yanğınla əlaqədar tutulduğunu açıqlayıb. Rəsmi şəxslərin iddiasına görə, əməliyyatı Rusiyanın hərbi kəşfiyyat xidməti GRU sifariş edib.
Tsahkna “X” sosial şəbəkəsində yazıb ki, Rusiyanın hərbi kəşfiyyat xidmətinin Estoniyanın müdafiə sənayesi şirkətinə qarşı təxribat hücumunu sifariş etdiyinə dair aydın sübutlar var. O, bütün sərhəd-keçid məntəqələrinin bağlanmasının Rusiyanın Estoniyada düşmənçilik fəaliyyəti aparmaq imkanlarını azaldacağını və sanksiyalardan yayınmanın qarşısını almaq səylərini gücləndirəcəyini bildirib. Nazir qərar barədə Finlandiya, Latviya və Litvanın həmkarlarını məlumatlandırdığını da qeyd edib.
Tsahkna keçid məntəqələrinin nə qədər müddətə bağlanacağını və onların nə vaxt açıla biləcəyini açıqlamayıb.
Moskva Estoniyanın qərarını pisləyərək, bunu Rusiyaya qarşı düşmənçiliyin növbəti addımı adlandırıb. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS-a bildirib ki, keçidlərin bağlanması onun “aqressiv rusofobiya” adlandırdığı siyasətin daha bir nümunəsi olacaq.
Rusiya Avropa hökumətlərinin onu qitədə təxribat əməliyyatlarının arxasında durmaqda ittiham etməsini dəfələrlə rədd edib.
NATO və Avropa İttifaqının üzvü olan Estoniyanın Rusiya ilə üç sərhəd-keçid məntəqəsi var: Narva, Luhamaa və Koidula. Estoniyanın ERR ictimai yayımçısının məlumatına görə, həmin keçidlərdən piyadalar və yük daşımaları istifadə edir; bağlanma hər ikisinə təsir göstərəcək.
Qərar Tallinn və Moskva arasında münasibətlərin gərgin olduğu bir vaxtda verilib. Rusiya 2022-ci ildə Ukraynaya genişmiqyaslı müdaxiləyə başladıqdan sonra Estoniya Ukraynanı qətiyyətlə dəstəkləyib və Kremlə qarşı daha sərt tədbirlərin görülməsinə dəfələrlə çağırıb.