ABŞ Prezidenti Donald Tramp Kanada ilə yeni ticarət sazişi üzrə razılaşmanın əldə olunmasına çox yaxın olduqlarını bəyan edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Ayova ştatında keçiriləcək seçki mitinqinə yollanarkən hava limanında jurnalistlərin suallarını cavablandıran Tramp, Kanadanın Baş naziri Mark Karni ilə görüşünü dəyərləndirib: "Kanada ilə çox yaxşı bir saziş konsepsiyamız var. Uzun müddətdir, 70-75 ildir Kanadaya görə pul itiririk. İndi sazişə çox yaxınıq".
Tramp ehtimal edilən razılaşmanın Kanada üçün də müsbət nəticələr doğuracağını diqqətə çatdırıb.
ABŞ lideri vurğulayıb ki, saziş qüvvəyə minəcəyi təqdirdə amerikalı fermerlər tarif ödəməkdən azad olunacaqlar, Ottava rəhbərliyi isə strateji "Keystone XL" neft kəmərinin tikintisini həyata keçirəcək.
Qeyd edək ki, Kanadanın Baş naziri Mark Karni də dünənki açıqlamasında Tramp ilə ikitərəfli ticarətin gələcəyinə dair uğurlu görüş keçirdiklərini bəyan etmişdi.
Sözügedən kəmər layihəsi əvvəllər Barak Obama və Co Bayden administrasiyaları tərəfindən ekoloji səbəblərlə ləğv edilsə də, Tramp mayın 1-də iki ölkə sərhədində neft və neft məhsullarının daşınmasını nəzərdə tutan kəmər layihəsinin icrasına rəsmən razılıq vermişdi.