Kanadanın Kvebek əyalətində keçirilən seçkilərdə "Parti Québécois" (PQ) partiyası qələbə qazanaraq 2014-cü ildən bəri ilk dəfə hakimiyyətə gəlib. Partiya lideri Pol Sent-Pyer Plamondonun (Paul St-Pierre Plamondon) Kvebekin yeni baş naziri olması ilə Ottavadakı federal hökumət immiqrasiya kvotaları, monarxiyanın ləğvi və ehtimal olunan müstəqillik referendumu kimi bir sıra mürəkkəb siyasi çağırışlarla üz-üzə qalacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Kanada mediasının dərc etdiyi seçki nəticələrinə əsasən, səkkiz il hakimiyyətdə olan "Coalition Avenir Québec" (CAQ) partiyası məğlubiyyətə uğrayıb.
CAQ-nin yeni rəhbəri Kristin Freşett (Christine Fréchette) məğlubiyyətini etiraf edərək hakimiyyətin dinc yolla təhvil verilməsi üçün Plamondonla əməkdaşlıq edəcəyini bəyan edib.
Plamondonun siyasi gündəliyinin mərkəzində Kvebekin müstəqilliyi üzrə yeni referendumun keçirilməsi vədi dayanır. Sorğulara görə, əyalətdə müstəqilliyə dəstək hazırda təxminən 30 faiz civarında olsa da, yeni baş nazir səsvermənin ehtimal ki, 2029 və ya 2030-cu illərdə təşkil ediləcəyini bildirib. Bununla yanaşı, Alberta əyalətində də ayrılma ilə bağlı müzakirələrin fəallaşması Kanadanın Baş naziri Mark Karnini (Mark Carney) ölkə miqyasında ciddi birlik böhranı ilə üz-üzə qoyur.
Yeni əyalət rəhbərliyi, həmçinin Kvebekdə Britaniya monarxiyasının statusunu ləğv etməyi, Kral III Çarlzı təmsil edən leytenant-qubernatorluq institutunun büdcəsini kəsərək sosial sahələrə yönəltməyi planlaşdırır. Plamondon bu istiqamətdə federal hökumətlə hüquqi mübarizəyə hazır olduğunu bəyan edib.
Öz növbəsində Kanadanın Baş naziri Mark Karni Pol Sent-Pyer Plamondonu qələbə münasibətilə təbrik edərək gərginliyi azaltmağa yönəlmiş mesajlar verib. Karni ABŞ-ın Kanadaya tətbiq etdiyi və Kvebek iqtisadiyyatına 2 milyard Kanada dolları civarında zərər vuracağı gözlənilən yeni gömrük tarifləri fonunda yerli idarəetmə orqanları ilə sıx əməkdaşlıq etməyin vacibliyini vurğulayıb.